Azərbaycan klubu yeni himayədarının adını niyə hələ də gizli saxlayır?

21 Fevral 14:00 Kəpəz 932
Azərbaycan klubu yeni himayədarının adını niyə hələ də gizli saxlayır?

Bilindiyi kimi, “Kəpəz”in sponsor danışıqları müsbət yekunlaşıb.

Bu barədə klubun mətbuat xidməti bir həftə öncə məlumat yayıb.

Gəncə təmsilçisinin açıqlamasında bunlar qeyd edilib:

“Klubumuzun inkişafının gücləndirilməsi məqsədi ilə aparılan danışıqlar müsbət nəticələnib və razılıq əldə olunub. Hazırda müəyyən prosedurlar çərçivəsində sənədləşmə işləri aparılır.

Bu məsələ həllini tapdıqdan sonra ictimaiyyətə və mediaya əlavə informasiya veriləcək. “Kəpəz”imiz üçün xeyirli-uğurlu olsun!”.

Məlum açıqlamanın üstündən 7 gün keçir. “Kəpəz” oxu atıb, yayı niyə gizlədir? Qəribə görünür, deyilmi?

Bu, ilk baxışdan belədir. Əslində məsələnin mahiyyətində başqa amillər dayanır.

Hazırda AFFA ilə klub arasında hüquqi prosedur gedir.

Federasiya “Kəpəz”in təsisçiliyindən imtina edib. Həmçinin qurumun Gəncə futbolu üzrə kuratoru İsgəndər Cavadov.

Həm AFFA, həm də Cavadov təsisçilik payından imtinanın qarşılığında qarşı tərəfdən 1 qara qəpik də istəməytb.

Sadəcə, nizamnamənin yenidən hazırlanması və Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməsi yolunda işlər davam etdirilir. Proses bundan sonra hardasa 10-14 gün vaxt aparacaq.

Hüquqşünaslar bir az tez çalışsa, “Kəpəz” artıq gələn həftə sponsorun kimliyini açıqlaya bilər.

Bu işlər bitsin, klubda struktur dəyişikliyi ediləcək. İlyarım öncə fəaliyyətə başlamış İdarə Heyəti ləğv olunacaq, onun yerində Müşahidə Şurası yaradılacaq. Burada kənar şəxslər yer almayacaq.

MŞ-nın «onurğa sütunu»nu gəncəlilər təşkil edəcək. Sədr postunu keçmiş dövlət məmurlarından biri tutacaq. Hansı ki, o, hazırda iş adamı olaraq biznes aləmində tanınır.

İdarə Heyətinin hazırkı sədri İlqar Nadiri şurada da təmsil olunacaq.

Həmçinin Adil bəy adlı iş adamını və ”Aqrosport”un direktoru Fərman Əlizadəni də MŞ-nın üzvləri arasında görəcəyik.

Tanınmış menecer Erkin İbrahimovun da sədrə müşavir təyin edilməsi gündəmdədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Fevral 12:40 "Çox güclü komandadır"
21 Fevral 03:10 Səfərdə Kosovoya uduzduq