
Orxan Əliyevi görən olub?
Ötən mövsüm “Araz-Naxçıvan”ın heyətində Premyer Liqada 9, ölkə kubokunda 4 qol vuraraq yayda klublara “qiymət oxuyan”, sərfəli şərtlərlə rastlaşmadığı üçün yayın ən isti günlərinin birində məcburiyyətdən “Kəpəz”lə müqavilə bağlayan, burada çempionatda şans qazandığı 15 görüşdə 4 qolla fərqlənib, kubokda daha 2 qol vuran bəstəboy futbolçunu deyirəm.
Hanı o?
Dekabrda “Kəpəz”dən “Turan”a keçidinin anonsu verilmişdi ki, bəs, Kurban Berdıyev oyununu bəyəndiyi futbolçunu sərəncamında görmək istəyib.
Getdi, toplanışda iştirak etdi, hətta çempionatın ikinci yarısının ilk oyununda - “Kəpəz”lə qarşılaşmada start heyətində yer alıb 68-ci dəqiqəyə qədər topun dalınca qaçdı.
Odur-budur, Orxandan səs-soraq yoxdur. “Qarabağ”la oyunda adı iştirak ərizəsinə salınmadı, “Səbail” və “Sabah”la görüşlərdə əvvəldən axıra qədər ehtiyatda qaldı, “Araz-Naxçıvan”la dueldə adına rast gəlmədik.
Deyək ki, Naxçıvan təmsilçisi ilə sonuncu matçda zədə səbəbindən xidmətinə ehtiyac duyulmamışdı. Bəs, əvvəlki oyunlarda?
Məsələn, “Sabah”la qarşılaşmada tovuzlular hesabda geri düşəndən sonra Kurban Bekiyeviç Orxanı meydana buraxa bilərdi. Lakin buna ehtiyac duymadı. “Səbail”lə dueldə də gözə dəymədi.
Görünən odur ki, rusiyalı çalışdırıcı Əliyevi xilaskar və ya qol ümidi gözündə görmür deyə, braziliyalı hücumçulara daha çox şans verir.
Çempionatın ilk iki dövrəsində 15 oyunda şans qazanıb, bunların 10-da “11-lik”də yer alan futbolçunun indi hansı hislər keçirdiyini hər halda özündən yaxşı bilən olmaz.
Elə Berdiyevin də “gəlsin” qərarına görə peşman olub-olmadığı kifayət qədər ciddi sualdır.
HƏBİB / SPORTİNFO.AZ