Bu hücumçu qol vurmur, baş məşqçini çərlədir

11:40 Kəpəz 378
Bu hücumçu qol vurmur, baş məşqçini çərlədir

«Kəpəz» Premyer Liqada qalmaq yolunda asta-asta irəliləyir.

Azər Bağırovun onlara qazandırdığı xalların sayı artıq 18-dir.

Üçüncü dövrənin yekununa qədər daha 7-8 xal toplaya bilsələr, qarşıya qoyulan məqsədə çatmaq üçün böyük məsafə qət etmiş sayılacaqlar.

«Kəpəz» Bakıya sonuncu səfərdən qolsuz heç-heçəylə döndü.

Turnir cədvəlinin zirvəsindəki «Qarabağ»a ən yaxın mövqedə qərarlaşmış «Araz-Naxçıvan»dan 1 xal qopara biləcəkləri, əslində, bir o qədər real görünmürdü.

Qonaqlar bilavastə ikinci hissədə göstərdikləri dirənişlə, istəkli oyuna buna nail oldular.

Ümumiyyətlə, «Kəpəz» ikinci hissələrin komandasıdır. Azər Bağırov görəvi qəbul edəndən bəri bu, belədir.

«Kəpəz», adətən, fasiləyədək meydanda özünü tapa bilmir, çox arxaya çəkilir, qol buraxmamaqdan ötrü dəridən-qabıqdan çıxır - 45 dəqiqəni bir növ kəşfiyyatda keçirirlər.

Bağırov həmin arada rəqiblərin zəif nöqtələrini axtarıb tapmağa çalışır. Onda dəqiq bilir ki, bundan sonra futbolçularına nə demək, hansı tapşırığı vermək lazımdır.

Bu da Bağırovun yanaşmasıdır və hələlik səmərə verir.

«Kəpəz» Mərdəkanda ikinci yarının ilk 30-35 dəqiqəsini əla keçirdi və yalnız final fitinə yaxın bölümdə ərazi üstünlüyünü təkrar «Araz»a verdi.

O periodda təhlükə saçdılar və həlledici anlarda bir problem yenə özünü göstərdi - yaradılan qol epizodları ilə «dalğa keçmək».

Düşərgəyə yeni qoşulmuş Trent Buhagiarla Şevroni Mabatşoev maraqlı tipajdır, lakin hələ ideal formadan bir qədər uzaqdırlar. Luis Paçu isə Azər Bağırovu çərlətmək üzrədir.

Braziliyalı hücumçu ön xətdə hərəkətli olsa da, qol duyumu aşağıdır.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti