![AFFA və kurator bu klubun təsisçiliyindən imtina etməyə RAZILAŞDI - SON DƏQİQƏ](https://www.sportinfo.az/media/2025/02/13/1640203118_1-4.jpg)
Premyer Liqanın daha bir klubu AFFA-nın «əhatə dairəsi»ndən çıxmaq üzrədir.
«Turan Tovuz»dan sonra növbə «Kəpəz»ə çatıb.
Yeni sponsor tapan Gəncə təmsilçisi təsisçilik məsələsində federasiya ilə razılığa gəlib. 2015-ci ildən bəri «sarı-göylər»in təsisçiləri sırasında yer alan AFFA öz payını onlara güzəhtə getməyə «okey» verib.
Həmçinin həmin vaxt federasiya tərəfindən Gəncə futboluna kurator təyin edilmiş İsgəndər Cavadov təsisçilik payını təmənnasız olaraq addan-ada keçirməyə müsbət yanaşıb.
Bir neçə gün öncə başlayan proses tezliklə yekunlaşacaq.
«Kəpəz» rəhbərliyi bu məqsədlə yaxın günlərdə bir araya gələcək. Redaksiyamıza daxil olan məlumata görə, iclasın qarşıdakı 10-12 gün ərzində keçirilməsi planlaşdırılır.
Toplantıda bir sıra mühüm məsələlər müzakirə ediləcək. Onların başında struktur dəyişikliyinin aparılması gəlir.
Bu da «sarı-göylər»i himayəsinə götürən şirkətin istəyidir. İk aya yaxındır Gəncə təmsilçisinə sponsorluq edən iş adamları islahatlara ehtiyac duyur.
Odur ki, ilyarım öncə fəaliyyətə başlayan İdarə Heyətinin ləğvi, onun yerində Müşahidə Şurasının (MŞ) yaradılması gündəmdədir.
Şura tamamilə yeni peronalardan formalaşdırılacaq. İndikilərdən yalnız İdarə Heyətinin sədri İlqar Nadirini orada görəcəyik.
Tərəfdaşlar onun Gəncə futbolu və «Kəpəz» üçün çəkdiyi əziyyəti, illərdir gördüyü işləri nəzərə alıb.
Onlar da bilir ki, əgər İ.Nadiri vaxtında əlini daşın altına qoymasaydı, hazırda Gəncədə nə futbol olacaqdı, nə də «Kəpəz» Premyer Liqada varlıq göstərəcəkdi.
Bütün bunlar onun xidmətidir və o, klub adına çox zəhmətə qatlaşıb, «Kəpəz»in yaşaması naminə şəxsi büdcəsini xərcləyib.
«Kəpəz» eyni zamanda yeni təqdimata hazırlıq görür. Bu, sponsor anlaşmasıyla bağlıdır.
Belə ki, Gəncə təmsilçisi ötən ilin dekabrında anlaşdığı şirkətlə münasibətlərini rəsmiləşdirməyi və bunu ictimaiyyət önündə açıqlamağı planlaşdırır.
«Sarı-göylər»in tərəfdaşı əsasən ərəb ölkələrində fəaliyyət göstərir. Mərkəzi ofisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşir.
Qida sektoru başda olmaqla, bir neçə istiqamət üzrə çalışan şirkətin idarəçiləri azərbaycanlıdır.
Onlar öz aralarından bir nəfəri «Kəpəz» üzrə təmsilçi təyin edib. Bu da həmin şəxsin gəncəli olmasıyla əlaqədardır.
Yeni portnyor ilkin mərhələdə «Kəpəz»ə 500 min manat ayırıb. Nizami yurdunun komandası 2025-ci ildə həyata keçirdiyi transferləri onların vəsaiti hesabına rəsmiləşdirib.
Məbləğin qalan hissəsi isə mükafat fondu olaraq nəzərdə tutulub.
Kollektivin qarşısına Premyer Liqada qalmaq məqsədi qoyan tərəfdaş hər oyuna görə futbolçulara 2000-2500 manat ödəməyə hazırdır.
SRORTİNFO.AZ