![“Bilmir dərsə getsin, məşqə gəlsin, yoxsa işləyib pul qazansın”](https://www.sportinfo.az/media/2025/02/11/6ad66f36-682b-4f16-bc9f-29ce424148fe.jpg)
“Bu, ən bəlalı yerimizdir”.
“Təhsil”in futbol akademiyasında məşqçi çalışan Orxan Verdiyev Sportinfo.az-a açıqlamasında belə deyib.
Onun fikrincə, hərbi xidmət məcburiyyəti gənc futbolçuların inkişafına mane olur:
“İnanırsız, o qədər istedadlı uşaqlar olub ki, əsgərliyə gedib-qayıdandan sonra futboldan uzaq düşüblər.
9-10 yaşından uşağı yetişdirirsən, 18 yaşında hərbi xidmətə gedir, ilyarımdan sonra qayıdır və heç nə!
100 nəfərdən 1-i əsgərlikdən sonra əvvəlki formasında olur, ya da futbolçu olmaq istəyir. Bu mənada son illərdə Premyer Liqada top qovanlardan yalnız
“Sabah”dakı Xəyal Əliyevi tanıyıram ki, hərbi xidmətdən qayıdandan sonra futbolu davam etdirib. Fikrimcə, idmançıların hərbi xidmət dövrü ilə bağlı hansısa plan hazırlamaq olar.
Əsgərlik bir tərəfə, ali məktəb məsələsi də başqa problemdir.
Universitetə daxil olur, bilmir dərsə getsin, məşqə gəlsin, dərslərini hazırlasın, imtahana hazırlaşsın, yoxsa işləyib pul qazansın.
“Kəpəz”in əvəzedici komandasında çalışanda, bunun canlı şahidi olurdum. Ali məktəblərdə də güzəştlərin olması məqsədəuyğundur.
Ümumiyyətlə, danışdığımız mövzu barədə geniş müzakirələr aparılmalı, çıxış yolları tapılmalıdır”.