Azər Bağırov «Kəpəz»də təzyiq altındadır.
Klubu himayəsinə götürmüş şəxslər hələlik üzə çıxmırlar.
Onlar kölgədə qala-qala baş məşqçiyə həmlələr təşkil edirlər. Ən müxtəlif forma və variantlarda.
Komandanı Adil Şükürovdan «0» xalla təhvil almış Azər Bağırova yalnız öz işiylə məşğul olmağa imkan vermirlər. Dubayda otura-otura burunlarını ona aid məsələlərə soxurlar.
Hər həftənin qapısını istefaya göndərilmək narahatlığı ilə açan məşqçinin futbolçuları kökləmək üçün hansı çətinliklərin içindən keçdiyini başa düşürsüz də.
Taktika və oyunçu seçimlərinə «mız» qoyulan Bağırova bu dəqiqdə göydə Tanrı, yerdə İlqar Nadiridən savayı kömək edən yoxdur.
«Sabah»la qarşılaşmada hesabda iki dəfə geri düşən «Kəpəz»in sonda 3 xal qazanması
Yaradanın jestidir. Yusif İmanovun inanılmaz səhvi, Əli Səmədovun çətin vəziyyətdə başla vurduğu qol, İqor Noqeyranın penaltiyə səbəb olan ikinci «sarı»sı…
Bunlar ilahi əlin müdaxiləsi anlamına gəlmirmi?
Heç nə təsadüfən baş vermir. Sadəcə, Tanrı istədi ki, «Kəpəz» Tovuzda qələbə qazansın.
ELXAN