“Rəqibin adını yox, öz oyunumuzu və uğurlu nəticəni düşünürük.
Hədəfimiz dəyişməz qalır – 3 xal”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in legioneri Kərim Lkoça qarşıdakı matçla bağlı danışarkən deyib.
Ötən həftə “Səbail”ə uduzan Gəncə təmsilçisi bu dəfə daha ağır sınağın qarşısındadır. Rəqib ötən mövsüm avrokuboklara vəsiqə qazanan, cari birincilikdə yenə eyni hədəf uğrunda mübarizə aparan “Sabah”dır.
Mərakeşli yarımmüdafiəçi “tələbələr”lə dueldə uğurlu nəticənin əldə olunamasının mümkünlüyü üçün konkret fakt göstərib:
“Doğma meydanımızda oynamasaq da, səfər görüşləri ilə müqayisədə Tovuzdakı matçlarımıza nisbətən çox azarkeş gəlir.
Fanatlarımızın dəstəyi bizə motivasiya verir. Nəticələr yaxşılaşdıqca, bilirəm ki, sayları çox olacaq.
Oyuna gəlincə, yaxşı komandaya qarşı mübarizə aparacağıq. Cari mövsümdə “Sabah”la keçirilən matçları yada salaq.
Birində son dəqiqələrdə vurulan qola görə 2:3 uduzmuşuq, digərində bərabərə qalmışıq – 2:2.
İki qarşılaşmada 4 qol vurub, sona qədər mübarizə aparmağı bacarmışıqsa, bu dəfə daha yaxşısını edə bilərik. İstəyimizə çatmaq üçün əlimizdən gələni edəcəyik. Şəxsən buna inanıram”.
Yanvarın 31-də Tovuz şəhər stadionunda baş tutacaq oyunun start fiti saat 16:00-da çalınacaq.
HƏBİB