Kərim Lkoça 5-ci topu “Turan Tovuz”un qapısından keçirib oyunun yekun hesabını müəyyənləşdirəndə, ağlımda “Kəpəz”lə bağlı sual yarandı.
Ki, Nizami yurdunun təmsilçisi sonuncu dəfə neçənci ildə bir oyunda bu qədər qol vurmuşdu?
Məlum oldu ki, həmin tarix uzun illər əvvələ söykənir – 2013-cü ilin mayın 13-nə. Təsadüfənmi, ya nədən, elə həmin matçda da rəqib “Turan” olmuşdu, oyun da Tovuz şəhər stadionunda keçirilmişdi.
Kurban Berdıyevin də etiraf etdiyi kimi, “sarı-göylər” haqq etdiyi 3 xalı qazandı. İstər istək baxımından olsun, istər oyun planında, istərsə də zərbələrin dəqiqliyində “Kəpəz” qarşılaşmanın ən yaxşısı idi.
Qış fasiləsində heyətini dörd futbolçu ilə gücləndirən “Turan”dan fərqli, gəncəlilər yalnız gürcü yarımmüdafiəçini sıralarına qatıb.
Əvəzində, Azər Bağırov komandasındakı problemləri aradan qaldırmağa çalışıb, xətlərarası əlaqəni və fiziki hazırlığı yaxşılaşdırıb. Bu, Tovuzdakı dueldə açıq-aşkar görünürdü.
Gəncəli azarkeşlər bu yerdə “Səbail”ə xüsusi təşəkkür etməlidir.
Məhz bu komandanın bir gün əvvəl Sumqayıtda yerli komanda üzərində qazandığı qələbə sayəsində “Kəpəz”in sonuncu pilləyə yuvarlanması məşqçi və futbolçu heyətinin 3 xal arzusunu 1-dən 5-ə qaldırmışdı.
İnandırım, “Səbail”in qələbəsi olmasaydı, Tovuzdakı nəticə də fərqli olacaqdı. Bəlkə də qalib gələcəkdilər, ancaq bu cür inamlı hesabla yox.
“Kəpəz” Sumqayıtdakı nəticədən aldığı motivasiya hesabına qonşusu üzərində böyük hesablı qələbə ilə turun sürpriz nəticəsinə imza atdı.
Bununla həm sonuncu pillədən qurtuldu, həm də həftəsonu Bakıda “Səbail”lə baş tutacaq qarşılaşmadan əvvəl əsas rəqibinə qorxulu mesaj göndərmiş oldu.
Hə, bu yerdə məşqçilikdəki yaşı Azər Bağırovun yaşı qədər olan Kurban Berdıyevin azərbaycanlı həmkarına bu şəkildə məğlub olması bir daha sübut etdi ki, avrokuboklara vəsiqə qazanmaq üçün “Turan”da görülməli və düzəldilməli olan çox şey var.
HƏBİB / SPORTİNFO.AZ