Tacikistan millisinin hücumçusu Şervoni Mabatşoev karyerasını Azərbaycanda davam etdirməyə qərar verib.
Premyer Liqada qalmaq uğrunda mübarizədən qopmaq istəməyən «Kəpəz» onunla anlaşıb.
Asiyalı forvardla 6 ay+1 illik müqavilə imzalanıb.
Razılaşmaya əsasən, hər şey mövsümün yekunundan asılı olacaq. «Sarı-göylər» elitada yerini qoruyarsa, onunla sözləşmənin ikinci hissəsi avtomatik qüvvəyə minəcək.
Bu, Şervoninin maddi qazancına da birbaşa təsir edəcək.
Belə ki, o, yayadək aylıq 4000 dollar əməkhaqqı alacaq. Gələn «futbol ili»ndə isə bu rəqəm 6000 dollaradək yüksələcək.
24 yaşlı ön xətt oyunçusu indiyədək ölkəsindən kənara çıxmayıb. Düşəmbədə dünyaya göz açmış Şervoni futbolda ilk addımlarını yerli «İstiklol»da atıb.
2017-18-ci illəri «Barkçi Hisor»da keçirmiş hücumçu növbəti iki mövsümdə «ÇSKA-Pamir»in uğurları üçün tər töküb.
2021-ci ildən bu yana «İstiklol»un formasını geyinir.
O, 2018-ci ildən Tacikistanın əsas yığmasına dəvət alır. Ötən müddətdə 29 oyuna çıxıb, 6 qol vurub.
SPORTİNFO.AZ