«Mən baş məşqçiyə d emişəm ki, kimi istəyirsən, alaq, neçə nəfər deyirsən, alaq, təki komanda çempionatda qalsın».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.
Müsahib cari transfer çalışmaları barədə danışıb.
Gəncə təmsilçisinin bir nömrəli şəxsi yeni oyunçuların düşərgəyə cəlb olunması istiqamətində fəal iş apardıqlarını, lakin prosesin çətinliklə irəlilədiyini bildirib:
«Hələlik gürcüstanlı Rati Ardazişvilini heyətə qatmışıq. İndiyədək xeyli sayda legionerlə danışıqlar aparmışıq.
Ancaq ortalıqda nəticə yoxdur. Biz əsasən millinin formasını geyinən futbolçu axtarırıq.
Transfer pəncərəsi hələ açıqdır, yenə vaxtımız var. Çalışırıq ki, maksimum tez bu işi tez başa vuraq.
Üzərimizə nə düşürsə, edirik. Azər Bağırova da bu barədə demişəm. İstədiyi legioner gəlməyə razıdırsa, onunla müqavilə imzalayacağıq.
Yenə deyirəm, başlıca məqsədimiz Premyer Liqada qalmaqdır. Bilirəm, digər klublar da heyətini gücləndirir.
Azər müəllimə söyləmişəm ki, pul cəhətdən problem yoxdur, komandanı gücləndirmək üçün istənilən addımı at. Baş məşqçimizin necə çətinlik çəkdiyini görürəm.
Danışıqlar apardığımız futbolçular bəzən elə şərtlər irəli sürür ki… Transferlərin yubanması əsasən buna görədir».