«Qarşıdan iki vacib dövrə gəlir. Premyer Liqada qalmaq üçün sonadək mübarizə aparacağıq».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in baş məşqçisi Azər Bağırov deyib.
Gəncə təmsilçisi çempionatın ilk yarısında 11 xal toplayıb. Adil Şükürovun gedişindən sonra nisbətən özünə gələn Nizami yurdunun nümayəndələri turnir cədvəlinin 9-cu pilləsində özünə yer edib.
Bağırov «gəncəli azarkeşlərə nə vəd edirsiz və ya onlardan nə istəyirsiz» sualına cavabında aşağıdakıları söyləyib:
«Gəncəyə futbol yaraşır. Növbəti mövsüm stadion da hazır olacaq.
İnşallah, onda daha böyük dəstəklə daha iddialı kluba çevrilərik. İstərdim ki, gəncəllər daim «Kəpəz»in yanında olsunlar.
Öz stadionundan, azarkeşindən uzaq düşən komandaya belə vəziyyətdə yalnız mənəvi dəstək lazımdır. Əlbəttə, klubumuzun rəhbərliyinə, biz məşqçilərə və futbolçulara da çətindir.
Hamımız gərək bir olaq, «Kəpəz»i düşdüyü vəziyyətdən çıxaraq.
Bir məşqçi olaraq əlimdən gələni edirəm və söz verirəm ki, bundan sonra daha çox çalışacağıq. Yetər ki, gəncəli fanatları sevindirə bilək».