Malta yığmasının hücumçusu Trent Buhaqyarın
Azərbaycana gəlib-gəlməyəcəyi yaxın günlərdə dəqiqləşəcək.
«Kəpəz» ona konkret təklif irəli sürüb.
Premyer Liqada qalmaq uğrunda mübarizə aparan Gəncə təmsilçisi «Turan Tovuz»a satdığı Orxan Əliyevi onunla əvəzləmək niyyətindədir.
«Sarı-göylər» 26 yaşlı forvarda 5 aylıq müqavilə təklif olunub. Komanda Premyer Liqada yerini qoruyarsa, kontrakt avtomatik daha 1 il uzadılacaq.
«Kəpəz» maltalıya bu ilin yayınadək 8000 dollar əməkhaqqı təklif edib. Gələn sezonda isə qazanacağı aylıq pul 10 min dollaradək qaldırılacaq. Trent fikirləşmək üçün 2-3 gün vaxt istəyib.
Trent ikili vətəndaşlığa malikdir - Avstraliya və Malta. 2017-2020-ci illər aralığında Avstraliyanın U-23 yığmasının formasını geyinib.
2024-cü ildə isə Maltanın əsas millisində debüt edib. Ötən il ərzində 2 dəfə bu formanı geyinib.
«Yaşıl qitə»də dobulmuş hücumu yerli «CCM Akademi»nin yetirməsidir. 2016-cı ildə buranı tərk edib və «Sentral Kost Mariners»in şərəfini qoruyub. İki il sonra «Sidyney»in yolunu tutub və düz 4 il onların uğurları üçün çalışıb.
2022-ci ildə «Nyukasl Jest»lə müqavilə bağlayıb və ötən ilin yayında İtaliyadan aldığı təklifi dəyərləndirib.
Lakin ilk legioner həyatının uğurlu alınmadığını söyləyə bilərik. B Seriyasında mübarizə aparan «Breşiya»da cəmi 1 oyuna çıxan forvard indi klubunu dəyişməyə can atır.
SPORTİNFO.AZ