"Kəpəz"in baş məşqçisi Azər Bağırov Sportinfo.az-a müsahibə verib. Təcrübəli mütəxəssis ilk öncə arxada qalan iki dövrəni dəyərləndirib.
- 6-cı turda komandanı götürəndə xal yox idi. Əskiklər çox idi. İki qat çətin oldu. Çünki özüm istədiyim futbolu yox, əlimdəki materiala uyğun oyunu seçməliydim. Ona görə də ilk iki dövrə çətinliklər vardı. Son qarşılaşmalarda oyunumuzda irəliləyiş görünürdü. Ara-sıra nəticələr də gəlirdi. Lakin stabillik çatmırdı. Qışdan sonra üçün düşüncəmiz stabillik əldə edib, xallar qazanmaqdır.
- Yaranmış fasiləni bu baxımdan "Kəpəz" üçün göydəndüşmə hesab etmək olar?
- Bir neçə dəyişikliklər olacaq. Komandaya rəng qatmaq istəyirik. Fasilə biz üstünlük verəcək. İşimizə daha istəkli qayıdacağıq. Ümid edirəm ki, ilk iki dövrədəki nöqsanları təkrarlamarıq.
- İlk 6 turdan sonra "Kəpəz"in Premyer Liqanı tərk edəcəyi sanki qətiləşmişdi. Sonrakı turlar o fikri dağıda bilmisiz?
- Bunu zaman göstərər. Amma yeni gələndə bir neçə oyun çox çətin oldu. İnam tam itmişdi. Bu gün futbolçuları qələbəyə istəkli görürəm. İnşallah, Premyer Liqada qalacağıq.
- "Kəpəz"in son illərdəki ən ağır günündə baş məşqçi postuna gəlmək qərarı verdiniz. Arxada qalan müddətdə nə vaxtsa bu qərara görə peşmanlıq hissi keçirmisiniz?
- Allah bizi təkəbbürlü olmaqdan qorusun. Sadəcə bu işi bacardığım üçün heç nədən qorxmuram. Bu sınaqlardan keçmişəm. Düşündüm ki, niyə "Kəpəz"lə də olmasın? Çəkinmədən razılıq verdim. Allah utandırmasın.
- Digər liqalarda uğurlu nəticələriniz olub. Amma xüsusilə ötən mövsüm qısa müddətdə "Araz Naxçıvan"la və bu sezon çox ağır durumda olan "Kəpəz"lə ortaya iş çıxara bilirsiniz. Məntiqlə daha yaxşı büdcə versələr, daha böyük işlər görmək olar. Bunun fonunda potensialınızın aşağı büdcəli klublarda kiçik hədəflərə xərclənməsi sizi üzmür?
- Əsla! Bunların özü böyük bir təcrübədir. Qarşılaşdığımız çətinliklər həm də təcrübə qazandırır. Məşqçi bununla böyüyür.
- "Kəpəz"də baş məşqçisənsə, idman tərəfini düşünməklə bərabər, kənar qüvvələrlə mübarizə aparmaq məcburiyyətin də var. İdman tərəfini danışdıq, bəs ikincilərlə bağlı işlər necədir?
- Bu gün o yöndə heç bir çətinliyimiz yoxdur. Əsil gəncəli azarkeşlər futbolu bilirlər. Düşünürəm ki, onlar da komandadakı döyüşkənliyi görürlər.
- Həqiqətən, sizin gəlişinizdən sonra "Kəpəz"də çox şey dəyişdi. Komanda qollar vurdu, xallar qazandı və ən önəmlisi sonuncu pillədən qurtula bildi. Amma bu qədər müsbət məqamların fonunda tribunadan yenə istefa şuarı eşidildi. Bu, hər kəsə təəccüblü qaldı, bəs siz necə qarşıladınız?
- Azarkeşlərin baş məşqçini istefaya səsləmək hüquqi var. Məncə, əsil "Kəpəz" azarkeşləri komandanı hansı durumda götürüb, nələri dəyişə bildiyimizi yaxşı bilirlər. Onlar bu gün bizim yanımızdadır. Komandanı daim qələbəyə səsləyirlər. Kimlərinsə istefa şüarına isə təbii baxıram. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma atılan addımı əsaslandırmaq lazımdır.
- Belə neqativ hadisələr işinizə necə təsir edir?
- Pis təsir etdiyini deməzdim. Amma hər bir halda biz insanıq. Yaxşı işin qarşılığında yamanlıq görəndə adama pis təsir edə bilər. Məsələyə bir məşqçi kimi yox, insan kimi yanaşıram.
XANOĞLAN İMANOV