“Kəpəz”in çalışdırıcısı Azər Bağırov başını itirib.
Bu adam bilmir mövsümün ikinci yarısını düşünsün, planlarına daxil olmayanları yola salmağın çarəsini tapsın, yoxsa potensial namizədləri izləsin.
Komandanın güclənməsi hazırda müqavilə ilə “Kəpəz”ə məxsus olanlardan asılıdır.
Redon Mihana ilə böyük ölçüdə yollar ayrılıb. Aylardır davam edən müzakirələrin yekun nəticəsi tərəflərin ortaq dil tapmasına səbəb olub.
İndi qalır iki nəfər – Braqa ilə Lassana Ndiayenin razılığını almaq. Bölgə təmsilçisi ilə yaya qədər anlaşması olan əcnəbilər 5 ayın maaşını qoyub getmək istəmir. Məqsədləri klubdan mümkün qədər pul qoparmaqdır.
Bu isə baş məşqçinin planlarına təsir edir. Yeni futbolçular gətiriləcəksə, mütləq və mütləq yerlər boşalmalıdır. Həm də gedənlərə pul verib yola salmaqla yox, dilə tutmaqla.
Bu isə indiki məqamda çox-çox çətin görünür.
HƏBİB / SPORTİNFO.AZ