“Kəpəz”in bəzi legionerləri Premyer Liqa klublarının diqqət mərkəzindədir.
Konkretləşdirsək, cari mövsümdə inamlı çıxışı ilə fərqlənən Luis Paçu ilə Rojerio Santosla maraqlananlar var.
Portuqaliyalı kiperin karyerasını “Sumqayıt”da davam etdirmək ehtimalı yüksək qiymətləndirilir. Qış fasiləsində olmasa da, keçid yayda reallaşa bilər.
Rojerio Sportinfo.az-a verdiyi açıqlamada məsələ ilə bağlı məlumata sahib olmadığını bildirib:
“Heç nədən xəbərim yoxdur. Başımı aşağı salıb oyunlara hazırlaşır, futbol oynayıram.
Bu dəqiqə bütün fikrim “Kəpəz”dədir. Dediyiniz mövzuda heç kimlə əlaqə qurmamışam.
Zəngin tarixə, yaxşı azarkeşlərə malik komandadır. Ola bilsin, məqsəd və iddiamız bir az aşağıdır.
Ancaq inanıram ki, ən qısa zamanda “Kəpəz”in yenidən parlaq gələcəyi olacaq”.
25 yaşlı qapıçı Premyer Liqada meydana çıxdığı 14 oyunda qapısından 31 top buraxıb.
HƏBİB