«Yeni ilə qələbəylə getmək istəyirik».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.
Gəncə təmsilçisinin rəhbəri qış fasiləsindən sonra komandanın vəziyyətinin yaxşılaşacağına ümid etdiklərini bildirib:
«Bu mövsüm Premyer Liqada qalmaq bizim üçün çox vacibdir. «Neftçi»dən xal götürmək əla olardı.
İndi bütün ümidimiz «Sumqayıt»la son oyunadır. Uğurlu nəticə qazansaq, qış fasiləsinə çox yaxşı əhval-ruhiyyə ilə yollanacağıq.
Hazırda heç bir futbolçuya borcumuz yoxdur. Bütün mükafatları ödəmişik. Maaşları vaxtında veririk.
Komanda görür ki, rəhbərlik onların yaxşı çıxış etməsi üçün lazım olan bütün işləri görürük. Məşqçilərlə daim təmasdayıq.
Azər Bağırova demişəm ki, nəticələr yaxşılaşsın, yeni ildə heyəti bir qədər də gücləndirəcəyik. Azı iki legioner alacağıq.
Gətirmək istədiyimiz yerli futbolçular var, hazırda onlarla da danışıqlar gedir. Baş məşqçi bizə hansı mövqeləri gücləndirmək istədiyini deyib.
Sırf o istiqamətdə çalışırıq. Gəncəli azarkeşlər bilsin ki, «Kəpəz»in Premyer Liqada yerini qoruması üçün əlimizdən gələni əsirgəmirik.
Əslində, özləri də görür ki, biz bacardığımızı edirik. Onların komandaya dəstəyi vacibdir.
Çox istərdim ki, həmişə olduğu olduğu yenə, yenə «Kəpəz»in arxassında dayansınlar. Azarkeşlərimizdən tək istəyimiz budur».