“Kəpəz”in qapıçısı Rojerio Santos Sportinfo.az-a müsahibə verib.
Portuqaliyalı qapıçı “Neftçi”ylə oyunda yol verdiyi kobud səhvdən danışıb, 1:2 hesablı məğlubiyyəti şərh edib və digər sualları cavablandırıb.
- Niyə məğlub oldunuz?
- İlk hissədə buraxdığımız yersiz səhvlərə görə. Rəqib qısa müddətdə iki qol vurub fasiləyə qədər psixoloji üstünlük qazandı. İkinci yarıda oyunda dönüş yaradaraq üstünlüyü tam ələ aldıq. Lakin cəmi bir qol vura bildik. Fikrimcə, 1 xala layiq idik.
- Xalsız qalmaqda əsas rolu nə oynadı? İlk qolda sənin etdiyin kobud səhv, yoxsa Braqanın 100 faizlik şansı boşa verməsi?
- Hər ikisi. Mən səhv etməsəydim, gedişat fərqli ola bilərdi. Braqa epizoddu qolla dəyərləndirsəydi, xal qazanacaqdıq. Ona görə də konkret epizodlarda dayanmağın tərəfdarı deyiləm. Uduzmuşuqsa, məsuliyyət üzərimizdədir. Toparlanıb, daha yaxşı hazırlaşıb, növbəti görüşdən uğurlu nəticə ilə ayrılmalıyıq.
- İlk qolda səhv etdin, yoxsa komanda yoldaşın səni səhvə yol verməyə məcbur etdi?
- Pana rəqib hücumçunu görmürdü deyə, topu rahat şəkildə mənə ötürdü. Mən isə topdan aralı idim. Uzqlaşdırmaq istəyəndə top rəqibə dəydi. Ardıcıl iki oyundur lazımsız səhvlər edirik. Bunları aradan qaldırmalıyıq ki, yaxşı mənada nəyəsə nail olaq.
- Bu gedişlə “Kəpəz”lə nəyə nail olacağını düşünürsən?
- Karyeram ərzində ilk dəfə legioner həyatı yaşayıram. Artıq 6 aydır buradayam və özüm üçün müəyyən təəssüratlar formalaşdırmışam. Gördüyüm odur ki, “Qarabağ” başqa səviyyədir. Onlarla mübarizə aparmaq, qələbə qazanmaq həqiqətən çətindir. Lakin digər doqquz komandanın oyun səviyyəsi bir-birinə çox yaxındır. Çümpionatda hansı nəticələrin qeydə alındığını görürük. Ona görə də proqnoz vermək çətindir. Əsas məqsədimiz Premyer Liqadakı yerimizi qorumaq, imkan daxilində üst pillələrə irəliləməkdir.
HƏBİB