“Bizim üçün düşərli gün və oyun deyildi. Belə olmamalıydı”.
“Kəpəz”in portuqaliyalı müdafiəçisi Dioqo Verdaska Sportinfo.az-a “Zirə”yə böyük hesablı məğlubiyyəti bu sözlərlə şərh edib.
Tovuz şəhər stadionunda baç tutan qarşılaşmada zirəlilər gəncəlilərə şok yaşatdı.
İlk hissədə rəqibi 2 dəfə mərkəzə dəvət edən “qartallar” fasilədən sonra daha 2 qol vurmaqla “sarı-göylər”i darmadağın etdi.
Təbii ki, yekun nəticənin bu cür olmasında xüsusən ilk 2 qolda kobud səhvlərlə yadda qalan müdafiəçilərin rolu böyük idi.
Verdaska məğlubiyyəti haqq etdiklərini çəkinmədən söyləyib:
“Futbol belədir, kim daha çox səhv edirsə, o da məğlub olur.
Səhvləri biz etdik və haqlı olaraq uduzduq. Halbuki oyuna yaxşı başlamışdıq, təhlükəli vəziyyətlər yaratmışdıq.
Konkret səhvlərdən danışmaq istəmirəm. Uduzmuşuqsa, bu, hamımızın günahıdır. Kiminsə adı ilə bağlamaq doğru olmaz.
Önəmli olan nöqsanlardan nəticə çıxarmaqdır. Həftəiçi təhlillərdə səhvlərimizə baxıb, onları bir də təkrarlamağa çalışacağıq. Səhvlərimizi nəzərə alsaq, bu məğlubiyyət haqqımız idi”.
10 xalla 9-cu pillədə qərarlaşan “Kəpəz” növbəti turda “Neftçi”nin qonağı olacaq.
HƏBİB