«Fikrimcə, bu, geridönüş oyunu idi. Sevinirəm ki, yeni mərhələyə daxil ola bildik».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.
Gəncə təmsilçisi Premyer Liqanın 15-ci turunda «bir güllə ilə iki dovşan» vurdu. «Sarı-göylər» Şamaxı səfərindən 1:0 hesablı qələbəylə dönməklə, turnir cədvəlində 10-cu pillədən qurtuldu.
Müsahib doqquzuncu yerlə kifayətlənmək istəmədiklərini bildirib:
«Qış fasiləsinə kimi hələ üç oyunumuz var. Bu oyunların hamısında qələbə qazana bilərik. İndi taleyimiz öz əlimizdədir.
Açığı, mövsümün əvvəlində fikirləşirdim ki, qışadək 9 xal toplasaq, böyük işdir. İndi isə şükür, 10 xalımız var və yeni ilədək onun üstünə minimum 6-7 xal gələ bilərik.
7-8-ci yerə də qalxmaq mümkündür. Baş məşqçi ilə bu barədə geniş söhbətimiz olub.
Azər Bağırova da demişəm ki, 2025-ci ilə axırıncı yerdə getməsək, yanvarda komandaya 2-3 yeni legioner də gətirəcəm.
Haradan olsa, o pulu tapacam ki, heyəti gücləndirək».