“Kəpəz” Şamaxı səfərində qazandığı qələbə ilə sonuncu pillədən qurtuldu.
Matç başa çatandan sonra gəncəlilərin paltardəyişmə otağında bir vur-çatlasın var idi ki, gəl görəsən.
Son vaxtlar əsas heyətdə görməyə alışdığımız Nicat Süleymanov Sportinfo.az-ın suallarını həvəslə cavablandırdı.
- Vacib oyunda qələbə qazanmaq üçün nə etdiniz?
- Meydanda can qoyduq. Bilirdik ki, qələbə bizi sonuncu pillədən xilas edəcək. Bunu düşünərək hamı bir nəfər kimi döyüşdü və yekunda 3 xal qazandıq.
- Bu oyunu “Kəpəz” üçün dönüş nöqtəsi saymaq olar?
- Fikir verirsinizsə, hər ötən gün komandamız daha yaxşı çıxış edir. Analizlər zamanı bu, aşkar görünür. Dönüş etməyi bacardıq, önəmli olan bu tempi daha da artırmaqdır.
- Sonunculuqdan qurtuldunuz. Bundan sonrakı hədəf nədir?
- Bu, başlanğıcdır. Qarşıda bizi çox sınaqlar gözləyir. Uğurlu nəticələr qazanmaqla irəli getməyə çalışacağıq. Nə qədər mümkün olacaqsa, bir o qədər irəliləyəcəyik. Əsas olan sonuncu yerdən çıxmaq idi.
- Əvəzləndiyin epizodda “Şamaxı”nın futbolçuları ilə yaşadığın münaqişənin səbəbi nə idi?
- Futbolda belə hallar olur. Kiçik anlaşılmazlıq idi, oldu keçdi, meydanda qaldı. Oyunun gərginliyindən doğan epizod idi. Xüsusi nəsə baş verməmişdi.
- Georgi Kantariya ilə “Kəpəz”də komanda yoldaşı olmusunuz. Hətta onunla da sözün düz gəlmirdi. Oyun başa çatandan sonra da xeyli söhbət etdiniz.
- Kantariya oyun gedə-gedə də mənimlə zarafat edirdi. “Kəpəz”də bir yerdə oynamışıq, münasibətlərimiz yaxşıdır. Bəlkə də kənardan kobudluq kimi görünüb, amma elə deyil. Sadəcə, zarafat edirdik.
HƏBİB