Azərbaycan Premyer Liqasında 2 həftəlik fasilə başa çatır.
Milli komandaların oyunlarına görə yaranmış pauza "Kəpəz" - "Araz Naxçıvan" görüşü ilə başa çatacaq.
Matç həm də qonaqların ötən mövsümkü qolçusu Orxan Əliyev üçün əlamətdar olacaq.
Axı forvard əla mövsüm keçirməsinə rəğmən yayda klubda saxlanılmamışdı.
Bu dəfə Əliyev onun üçün xüsusi yeri olan Muxtar Respublika təmsilçisinə qarşı rəqib kimi meydana ayaq basacaq.
Maraqlıdır, cəmi bir neçə ay əvvəl olanlar "Kəpəz"in hücumçusunu meydana fərqli hisslərlə çıxaracaqmı?
Orxan dinləyək:
"Bəli, sabiq komandama qarşı meydana çıxacam. Amma mən dünəni yox, bu günü düşünürəm.
Xüsusi motivasiya ilə hazırlaşdığımı deyə bilmərəm. Amma təbii ki, meydana qələbə üçün çıxacam.
Sıradan bir oyun kimi yanaşacam. Əlbəttə, onu da istərdim ki, özümü yaxşı tərəfdən göstərim.
Kiməsə nəsə sübut etməyi düşünmürəm. Sadəcə özüm üçün meydanda bacarığımı göstərəcəm".
XANOĞLAN // SPORTİNFO.AZ