COP29

Bombardir ürəyini boşaltdı: "Adım Orxaninyo olsaydı, kənarda qalmazdım"

11 Noyabr 19:00 Kəpəz 2 871
Bombardir ürəyini boşaltdı: "Adım Orxaninyo olsaydı, kənarda qalmazdım"

Ötən mövsümü uğurlu keçirən futbolçulardan biri də Orxan Əliyev olmuşdu.

Forvard uzun fasilədən sonra "Araz Naxçıvan" formasında qayıtdığı Premyer Liqada vurduğu 9 qolla yadda qalmışdı. Hətta milli komandaya belə dəvət almışdı.

Amma Muxtar respublika təmsilçisinin bombardiri yay fasiləsində kluba lazım olmadı.

Adı bir neçə klubla səslənsə də sonda heç bir komanda onun xidmətinə ehtiyac duymadı.

Nəhayət, yeni mövsümün startından bir neçə həftə sonra hücumçu "Kəpəz"lə anlaşdı.

İlk oyunlar oyun praktikasından əziyyət çəkən "11 nömrə" yenə qolları sıralamaqdadır.

"Neftçi" ilə görüşdə dublla yadda qalaraq komandasına mövsümdə ilk qələbəni qazandırdı.

Son turda isə onun fərqlənməsi "Sabah" qarşısında "Kəpəz"in məğlubiyyətinə mane oldu - 2:2.

Deməli, bacarıq var. Yetər ki, meydan verilsin. Görəsən, bəs həmin meydanı yayda tapmaq niyə müşkülə çevrildi?

Sualımıza cavab olaraq 28 yaşlı futbolçu bunları dedi:

"Əslində bu haqda danışmaq istəmirəm. Nə olubsa, artıq arxada qalıb. Geriyə qayıtmaq istəmirəm. Bu gün "Kəpəz"dəyəm. Öz işimi görürəm. Siz də görürsünüz ki, çalışıram hər oyunda özümü yaxşı tərəfdən göstərək qol vurub, komandama kömək etmək istəyirəm.

"Araz Naxçıvan"dan ayrılmağım arxada qaldı. O barədə fikirləşmək istəmirəm. Bu günü və sabahı daha çox düşünmək istəyirəm.

Adım orxaninyo olsaydı, yəqin ki, kənarda qalmazdım (gülür). Təbii ki, bu zarafatdır.

"Kəpəz"də əvvəl də oynamışam. Azarkeşlərlə yaxşı münasibətlərimiz var. Bura elə belə gəlməmişəm. Komandama hər oyunda fayda vermək istəyirəm. Qollarımla onları sevindirmək istəyirəm".

Digər maraqlı məqam isə ondan ibarətdir ki, ötənmövsüm "Araz"da olduğu kimi, bu dəfə də Orxan Azər Bağırovun rəhbərliyi altında yüksəlişə keçib.O, bunu belə şərh edib:

"Bir-birimizi tuturuq da (gülür). Mən ona lazımam, o da mənə. Bir yerdə yaxşı alınır. Xarakterimi tanıyır. İnanıb güvəndiyi üçün sağ olsun".

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!