COP29

Qorxaq futbolçular, çarəsiz baş məşqçi, xoşbəxt qadınlar

19:40 Kəpəz 322
Qorxaq futbolçular, çarəsiz baş məşqçi, xoşbəxt qadınlar

“Səbail” prinsipial oyunda “Kəpəz”ə uduzmaqla işini çətinə saldı.

Hələ qarşılaşmadan əvvəl bilinirdi ki, “dənizçilər” turnir cədvəlindəki ən yaxın izləyicisinə, yəni sonuncu yerdə qərarlaşan “Kəpəz”ə uduzsa, baş məşqçi Şahin Diniyev istefa verəcək.

Mətbuat konfransında özünün də etiraf etdiyi kimi, çox çalışdı, amma alındıra bilmədi. Beləliklə, Adil Şükürov, Roman Qriqorçuk və Samir Abasovdan sonra Diniyev cari mövsümdə işindən vaxtından tez ayrılan dördüncü məşqçi kimi tarixə düşdü.

Tovuzdakı oyundan sonra yaxasında “Səbail”in loqosunu daşıyan istənilən şəxsə “bıçaq vursaydın, qan çıxmazdı”.

O dərəcədə əsəbi, emosional və üzgün görünürdülər. Cərəyan vurmuş vəziyyətdə dayanıb, gözlərini bir nöqtəyə zilləmişdilər. Diniyevi isə indiyə qədər bəlkə də heç vaxt bu dərəcədə çarəsiz və pərt görməmişdim, açığı.

Əsas vaxta əlavə olunmuş dəqiqələrdə diqqətsizlik ucbatından qol buraxan futbolçularla danışmaq, ardıcıl 3 matçdakı yenilginin səbəbini öyrənmək üçün diktofon uzatdıqlarımızdan heç biri danışmaq yükünü boynuna götürə bimədi.

Süleyman Alluş mətbuatla ünsiyyətə icazə verilmədiyini dedi, kapitan Yusif Nəbiyev sual-cavabı başqa vaxta saxlamağı xahiş etdi, Amir Bilali ilə Dmitri Litvin isə, ümumiyyətlə, o həvəsdə olmadıqlarını söylədilər. Yəni hərəsi bir yolla vacib sualları cavablandırmaqdan boyun qaçırdılar.

Halbuki, əsl qəhrəman, əsl xarakter sahibi məhz belə məqamda sinəsini irəli verib, “istənilən suala cavab verməyə hazıram” deməyi bacarandır. Udandan sonra bülbül kimi ötməyə nə var?

Cari mövsümdə ikinci qələbəsini qazanan və sonuncu pillədən qurtulmağa yaxınlaşan “Kəpəz”də əsl bayram ab-havası yaşanırdı ki, bəzi azarkeşlər bu mənada rahatlıq tapıb fikirlərini klub rəhbərliyinə çatdırmaq şansı qazanmışdılar.

Dəhlizdə dayanan əcnəbi futbolçuların xanımları üçün ardıcıl məğlubiyyətlərdən üzülən sevimli kişilərinin bu dəfə gülərüz görməyin yaratdığı xoşbəxtliyi sözlə ifadə etmək mümkün deyil.

Oyunun tempi, təhlükəli vəziyyətlərin sayı, tribunalardakı ab-hava qarşılaşmaya xüsusi rəng qatmasa da, Şahin Diniyevin məhz uzun illər çalışdığı “Kəpəz”ə məğlubiyyətdən sonra istefa verməsi maraqlı hadisə kimi tarixdə qaldı. Y

eri gəlmişkən, daha öncə Roman Qriqorçuk da “Kəpəz”ə 3:4 hesablı yenilgidən sonra tutduğu postdan ayrılmışdı.

Bu gedişlə Tovuzdakı matçlar Premyer Liqa klubları üçün arzuolunmaz səfər hesab olunacaq.

HƏBİB, Bakı -Tovuz-Bakı

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti