Ötən həftə Tovuzda baş tutan “Turan Tovuz” – “Kəpəz” matçında meydan sahibləri 2:1 hesablı qələbəyə sevindi.
Oyunun adamı təbii ki, Luis Paçu idi. 2022/23 mövsümündə “Turan Tovuz”un uğurları üçün tər tökən braziliyalı hücumçu bu dəfə sabiq komandasına qarşı çıxış edirdi.
Penaltidən qol vurdu, 90 dəqiqə dayanmaq bilmədi, gəncəlilərin qələbəsi üçün əlindən gələni etdi. Bu, boşuna deyildi.
Mövsümün əvvəlində - Kurban Berdıyev Ayxan Abbasovu əvəzləyəndən sonra Paçunun xidmətindən imtina etmiş, oyun üslubuna uyğun gəlmədiyini bildirmişdi.
Odur ki, 28 yaşlı forvard nəyə qadir olduğunu rusiyalı çalışdırıcıya sübut etmək şansı qazanmışdı.
Paçu 11 metrlik cərimə zərbəsi ilə hesabı bərabərləşdirən anda düşünmək olardı ki, qolu çılğınlıqla qeyd edəcək, içindəki hirsini tökəcək. Lakin o, fərqli addım atdı.
Gəncəli yox, tovuzlu azarkeşlərin yer aldığı tribunaya yaxınlaşıb, əlini sinəsinin üstünə qoymaqla bir növ vurduğu qola sevinmədiyini göstərdi.
Meydan sahiblərinin fanatları da Paçuya minnətdarlığını futbolçuya əl çalmaqla bildirdi.
Futbolda bu cür halları görmək həqiqətən də xoşdur.
HƏBİB / SPORTİNFO.AZ