COP29

"Qarabağ"a da "Neftçi"nin taleyini yaşatması üçün...

17:00 Kəpəz 279
"Qarabağ"a da "Neftçi"nin taleyini yaşatması üçün...

Milli oyunlarına görə Premyer Liqada yaranmış fasilə Tovuzda başa çatacaq.

Burada "Kəpəz" "Qarabağ"ı qonaq edəcək. İlk baxışdan birmənalı olaraq oyunun favoriti "Qarabağ" sayıla bilər.

Amma Gəncə təmsilçisinin müsbət nəticə qazanmaq şansları da az deyil.

Buna ümid verən bir neçə məqam var.

İlk olaraq onu qeyd etmək lazımdır ki, "köhlən atlar"ın 8 futbolçusu milli komandalara dəvət olunmuşdu. Bu səbəbdən Qurbanov fasilə müddətində istənilən hazırlığı keçə bilməyib. Millidən qayıdanların yorğun olacağı da qaçılmazdır.

Əvəzində "Kəpəz"in üzvləri yaxşı dincələ bilib. Pauzanı yeni baş məşqçi Azər Bağırovun öz sistemini daha da möhkəmləndirmək üçün əla fürsət də saymaq olar.

"Kəpəz" bu oyundan sonra doğma rayona sığınıb, növbəti turun "Turan"la matçını gözləyəcək. Ağdamlılar isə paytaxta qayıdıb, 6 gün sonra Avropa Liqasının əsas mərhələsində keçirəcəyi "Ayaks"la matça hazırlaşacaq. Uzaq məsafə, Niderland nəhəngi ilə qarşıdan gələn görüş Qurban Qurbanovun heyət seçiminə mütləq təsir edəcək. Təcrübəli mütəxəssis yəqin ki, milli komandalardan qayıdan üzvlərinə də daha çox istirahət imkanı yaradacaq.

Meydan amili...

Düzdü, "Kəpəz" doğma publika önündə oynamayacaq. Lakin Gəncənin Tovuza yaxın olduğunu nəzərə alsaq, əvvəlki ev matçlarından fərqli olaraq bu dəfə daha çox tərəfdarın "Kəpəz" üçün qonşu rayona üz tutacağı qaçılmazdır. Axı rəqib "Qarabağ"dır.

Bərbad süni meydan da Bağırovun kollektivi üçün üstünlük sayıla bilər. Çünki onlar burda daha çox oyun keçirirlər. Texniki ustalığı ilə seçilən rəqib üçün belə meydanda oynamaq iki qat çətin olur.

Fasilə öncəsi "Neftçi" üzərində qazanılan parlaq qələbənin qoxusu hələ də bölgə klubunun düşərgəsində hiss olunur.

Bu da liderlə matçda gəncəli futbolçuların özgüvənin bir xeyli artıracaq.

Bağırovun "Qarabağ"la oyunlarda yaxçı təcrübəsi də var. O, ötən mövsüm "atlılara"a bir dəfə qalib gələ bilib. Bir matçda isə bərabərlik son saniyədə əldən çıxıb.

Təbii ki, yazılanlar hamısı ehtimallar üzərindədir.

Futbol isə meydanda oynanılan oyundur.

Gözləyək, görək kağız üzərindəki üstünlükləri "Kəpəz" meydanda necə dəyərləndirəcək.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti