Ötən mövsüm Premyer Liqadakı yerini qoruyan “Kəpəz” üçün cari mövsüm yaxşı başlamadı.
Çempionatın ilk 8 oyununda məğlubiyyətləri sıralayan qərb təmsilçisi istəyinə dəövrənin son görüşündə çatdı.
Gəncəlilər “Neftçi”ylə prinsipial qarşılaşmadan 4:3 hesablı qalibiyyətlə ayrılmaqla rəqiblərinə “mən də varam” mesajını verdi.
Maraqlıdır, əvvəlki görüşlərdə qalib gəlməyə kim, yaxud nə mane olurdu? “Neftçi”ylə dueldən əvvəl düşərgədə nələr yaşanırdı?
Belaruslu kapitan Yeqor Xvalko Sportinfo.az-a açıqlamasında bu barədə danışıb:
“Əvvəlki oyunlarda azart yox idi. “Neftçi”ylə matçda gördünüz, uşaqlar hər santimetr uğrunda döyüşürdülər.
Dəhşətli dərəcədə mübarizə apardığımızı deyə bilərəm. Bəzi futbolçular zədə aldığı halda, sona qədər qaçdılar.
Yəni bu qələbə bizə heç də asan başa gəlmədi. “Neftçi”nin heyətində futbolçuların ustalıq səviyyəsini bilirsiniz.
Nə qədər çətin dövr keçirsə də, “Neftçi”nin adı üstündədir. Əzmkarlıq, mübarizlik elə-belə olmur.
Bu, məşqlərdə çəkdiyimiz əziyyətin və daxili söhbətlərin nəticəsidir. Qələbəsizlik sindromundan çıxdıq, önəmli olan davamını gətirməkdir”.
9 turdan sonra aktivində 3 xal olan “Kəpəz” sonuncu pillədə qərarlaşıb.
HƏBİB