COP29

“Ölüm-qalım” savaşında tək qalan "Kəpəz"də sirli toxunuş

19:40 Kəpəz 1 363
“Ölüm-qalım” savaşında tək qalan "Kəpəz"də sirli toxunuş

"Kəpəz" bu mövsümə məğlubiyyətlə başladı.

Adil Şükürovla başlayan seriya Azər Bağırovla 7-yə qədər yüksəldi.

"Premyer Liqanı kim tərk edəcək" sualına baş sındırmağa ehtiyac qalmadı. Ağzını açan hər kəs "Kəpəz"in adını çəkirdi.

Qərb təmsilçisinin elə məğlubiyyətlə də finişə gedəcəyini proqnozlaşdıranlar belə yox deyildi.

Haqlı da deyirdilər. Çünki yayda yığılan kollektivdə işıq görünmürdü.

Qarşıdakı qaranlığın fərqinə varan Şükürov da 4-cü turdan sonra tutduğu postu tərk etdi.

Bağırov isə fərqli düşünürdü. İddialı mütəxəssis dönüşü müşkül görünən komandanı geri qaytara biləcəyinə inanırdı.

Kütlənin əksinə gedən istedadlı mütəxəssis ağır durumda olan "Kəpəz"in baş məşqçisi olmağa razılıq verdi.

Və komanda onun rəhbərliyi altında ilk 3 matçında məğlubiyyət almağa davam etdi.

Bağırov isə elə hey "yaxşı olacaq" deyirdi.

Ehtimal etmək olardı ki, ən yaxşı halda milli komandaya görə yaranmış fasilədən sonra "Kəpəz" şokdan ayılar.

Lakin hər şey daha erkən baş tutdu.

Yeni baş məşqçi elə "Neftçi" ilə matçda öz ağırlığını ortaya qoydu. Məşqçi toxunuşunu hər kəsə növbəti dəfə göstərdi.

Kimsə buna təsadüfi qələbə deyə bilər. Amma belə ssenari ilə təsadüf olmur.

Onun kollektivi iki dəfə hesabda geri düşdüyü matçda 4 qol vuraraq 3 xalı aktivinə yazdırdı.

Oyunun məcrası da aydın göstərdi ki, Bağırov "Kəpəz"i şokdan ayılda bilib. Roman Qriqorçukun gördüyü yuxu yox, məhz "Kəpəz"in həqiqəti idi.

Bu komanda bir ay əvvəlki komanda deyil.

Heç 1 həftə əvvəlki də deyil. Hər keçən gün dirçəliş var. Qalır sürəti qorumaq. Həm də sürətlə xalları toplamaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti