Yeddi idi, səkkiz oldu.
«Kəpəz» tarixinin ən böyük antirekorduna imza atmaqdadır.
Klubun keçmişində bir belə ardıcıl məğlubiyyət sayı qeydə alınmamışdı. Bu isə ən yeni tarixdir və qara hərflərlə yazılmaqda davam edir.
«Kəpəz» növbəti zərbəni «Zirə»dən aldı.
Gəncədən Bakıətrafı qəsəbəyə səfər 0:3 hesablı məğlubiyyətlə bitdi. Fərq daha böyük ola bilərdi.
«Kəpəz» cəmi 35-40 dəqiqə dözə bildi. Müqavimət gücü elə orada da bitdi, ardı gəlmədi. Bir saatın tamamında əksər futbolçuları kiril əlifbasındakı «q» hərfini aldı.
Digər təsvirlə, namazdakı ruku halındaymış kimiydilər. Nəfəs qəbulu çatmırdı, hakim oyunu 3-4 saniyə dayandran kimi əl tez dizə gedirdi, qatlanırdılar,
Hə, bu o deməkdir - komanda heç bir mübarizəyə hazır deyil, gücsüz və taqətsizdir.
Bu, həm də o deməkdir - seleksiya prosesi pis, olduqca pis aparılıb.
Gümanımı yandırmaq istəmirəm, amma yenə deməliyəm: deyəsən, Adil Şükürov «Kəpəz»dən ayrılmağı əvvəlcədən özü üçün qətiləşdiribmiş.
Nə vaxt ki, rəhbərlik onu «Turan Tovuz»la anlaşmağa qoymadı, müqaviləni əsas gətirib, işdə qalmasını tələb etdi.
Bu, yanlış idi, gərək yayda Gəncəylə vidalaşmasına izn verərdilər. O da hirsini necə lazımdır çıxdı. Haradan nə yararsız legioner tapdı, yığıb tökdü düşərgəyə.
Əşşi, 5-6 min dollarlıq əcnəbi futbolçulardan «Şamaxı» da gətirib də. Onların seçiminə bax, bir də dön, Adil Şükürovun seçdiklərinə bax.
Arada at-eşşək fərqi var. Təkbətək mübarizələrdə rəqibi keçə bilməyən, texnikası zəif, fiziki dözümü 40 dəqiqəyə tükənən legionerlərlə Azər Bağırov uduzacaq da.
Yeni baş məşqçi bu heyətlə ilin sonunadək 4-5 xal toplasa, Allahına şükür etsin, ürəyində də Şükürova nə deyir, desin.
MUSA