Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz” bir-birinin ardınca transferlər etməkdədir.
Mövsümün ilk 7 həftəsində məğlubiyyət acısı dadan Gəncə klubu bu gün növbəti legionerlə anlaşıb.
Nizami yurdunun təmsilçisi Muhammed Banı Azərbaycana gəlməyə razı salıb.
Malidən olan 24 yaşlı yarımmüdafiəçi 10 aylıq müqavilə şərtlərini qəbul edib.
Afrikalı orta sahə oyunçusunun karyerası Türkiyə ilə bağlıdır. Gənc yaşlarında bura gələn Ba 2019-2021-ci illərdə «Erzurumspor BB»nın formasını geyinib.
Daha sonra «Bandırmaspor» və «Menemenspor»un şərəfini qoruyub. 2022-ci ildə «Adana Demirspor»un təklifini qəbul edib.
Burada keçirdiyi ilk mövsümdə Super Liqada debüt imkanı qazanmayan malili 2023-cü ilin əvvəlində icarəyə verildiyi «İstanbulspor»la arzusuna çatıb.
15 dəfə meydana ayaq basdığı liqada aktivinə 1 qol yazdırıb.
2023-cü ilin yayında isə bu dəfə «Tuzlaspor»a icarəyə verilib, burada millimizin müdafiəçisi Bəxtiyar Həsənəlizadə ilə komanda yoldaşı olub.
Tuzlanın eyniadlı komandası TFF I Liqanı tərk edincə, Ba da buradan ayrılıb. Hazırda azad agent statusu daşıyır.
SPORTİNFO.AZ