COP29

“Özümü yığışdırdım ki, olmaz” – Turun nümunəvi jestinin sahibi

23 Sentyabr 20:40 Kəpəz 974
“Özümü yığışdırdım ki, olmaz” – Turun nümunəvi jestinin sahibi

“Kəpəz” – “Şamaxı” qarşılaşmasının Georgi Kantariya üçün xüsusi önəmi vardı.

2 il əvvəl Gəncə təmsilçisinin şərəfini qoruyan gürcüstanlı yarımmüdafiəçi sabiq komandasına qarşı bu dəfə rəqib qismində mübarizə aparırdı.

Kantariya oyunun ən yaxşılarından olmaqla yanaşı, ikinci qola imzasını yazdırmaqla yadda qaldı.

Və matç başa çatandan sonra Sportinfo.az-ın suallarını cavablandırdı.

- Solunda vaxtilə məğlub olan sabiq komanda yoldaşların dayanıb, sağ tərəfində qələbəyə sevinən indiki yoldaşların. Hansı hisləri keçirirsən?

- Peşəkaram və başlıca işim şərəfini qoruduğum komandanın uğurları üçün çalışmaqdır. Ona görə də sevincli olduğumu deməliyəm. Düzdür, “Kəpəz”də keçmiş komanda yoldaşlarım, yaxından tanıdığım klub rəsmiləri və möhtəşəm azarkeşlər var. Ancaq bunlar geridə qalıb və onlar məni yaxşı başa düşürlər. İndi və bundan sonra yalnız və yalnız “Şamaxı”nın uğur qazanmasını istəyirəm.

- “Kəpəz”i hansı cəhətlərdə üstələdiz?

- Rəqibə baxmadan öz öyunumuzu göstərdik. Məşqçilər heyəti hansı tapşırıqları vermişdisə, onları yerinə yetirərək hədəfə çatdıq. Bu, rəqibi hansısa cəhətdə üstələməyin yox, məşqlərdə çox çalışmağın nəticəsidir.

- Oyundan əvvəl qol vuracağını ağlından keçirmişdin?

- Açığı, heç vaxt qol vurmaq haqda düşünmürəm. Mövqeyim elədir ki, daha çox dağıdıcılıqla məşğulam. Ən böyük istəyim 3 xal qazanmaq idi. Sadəcə, yaxşı fürsət düşdü, dəyərləndirdim. Xeyr, qol barədə düşünməmişdim.

- Qolu bayram etmədin, əksinə, etdiyin jestlə gəncəli azarkeşlərdən üzr istədin. Belə çıxır ki, bu, içdən gələn hərəkət idi, əvvəldən planlaşdırmamışdın.

- Qol vuran anda içimdə sevindim. Ancaq dərhal emosiyalarıma qalib gəlib özümü yığışdırdım ki, olmaz. Bunu vaxtilə məni və “Kəpəz”i dəstəkləyən, yaxşı və pis günlərdə yanımızda olan gəncəli azarkeşlərə hörmət əlaməti olaraq etdim.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti