«Kəpəz»in baş məşqçisi Azər Bağırova təzyiqlər artmaqdadır.
Çətin vaxtda böyük məsuliyyətin altına girən, Adil Şükürovun etdiyi səhvləri aradan qaldırmağa çalışan mütəxəssis növbəti təxribata məruz qalıb.
«Sarı-göylər»in əvəzedici komandasının «Şamaxı» ilə matçını (1:1) canlı izləyən Bağırova bir neçə nəfər yaxınlaşaraq, istefa verməsini,
Gəncədən çıxıb getməsini tələb edib. Onlar Tərlan Əhmədovu yenidən «Kəpəz»də görmək istədiklərini bildiriblər.
Özlərini azarkeş adlandıran şəxslər nəticələrdən asılı olmayaraq, klubun hazırkı rəhbərliyini istefaya səsləməyə davam edəcəklərini gizlətməyib.
Baş məşqçi bu tələblərlə razılaşmayıb. O, kimlərinsə sözüylə işindən ayrılmayacağını və «Kəpəz»i üzləşdiyi vəziyyətdən çıxaracağını söyləyib.
Bağırov İdarə Heyətinin sədri İlqar Nadirini dəstəkləyib. Deyib ki, Nadiri rəhbər olaraq komandanı gücləndirmək yönündə dayanmadan çalışır, cibinin pulunu bura xərcləyir.
SPORTİNFO.AZ