Premyer Liqada qalmaq mücadiləsi verən «Kəpəz» transfer çalışmalarını davam etdirir.
Adil Şükürovu istefaya yollayan, paralel olaraq heyəti gücləndirməyin yollarına baş vuran gəncəlilər hazırda daha bir legionerlə danışıqlar aparır.
Bu, Məhəmməd Badır. Nizami yurdunun təmsilçisi Malidən olan 24 yaşlı yarımmüdafiəçini Azərbaycana gəlməyə razı salmağa səy göstərir.
Afrikalı orta sahə oyunçusuna 10 aylıq müqavilə təklif edilib.
Onun karyerası Türkiyə ilə bağlıdır. Gənc yaşlarında bura gələn Ba 2019-2021-ci illərdə «Erzurumspor BB»nın formasını geyinib.
Daha sonra «Bandırmaspor» və «Menemenspor»un şərəfini qoruyub. 2022-ci ildə «Adana Demirspor»un təklifini qəbul edib.
Burada keçirdiyi ilk mövsümdə Super Liqada debüt imkanı qazanmayan malili 2023-cü ilin əvvəlində icarəyə verildiyi «İstanbulspor»la arzusuna çatıb.
15 dəfə meydana ayaq basdığı liqada aktivinə 1 qol yazdırıb. 2023-cü ilin yayında isə bu dəfə «Tuzlaspor»a icarəyə verilib, burada millimizin müdafiəçisi Bəxtiyar Həsənəlizadə ilə komanda yoldaşı olub.
Tuzlanın eyniadlı komandası TFF I Liqanı tərk edincə, Ba da buradan ayrılıb. Hazırda azad agent statusu daşıyır.
SPORTİNFO.AZ