«Mən komandanı düzəldəcəm».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in baş məşqçisi Azər Bağırov deyib.
«Sarı-göylər» Premyer Liqanın geridə qalan 8 həftəsində xal qazana bilməyib. Bütün turları məğlubiyyətlə başa vuran kollektiv turnir cədvəlinin sonuncu - 10-cu pilləsində qərarlaşıb.
Bunlara baxmayaraq, yaxınlarda işə başlayan mütəxəssis Gəncə təmsilçisinin elitada qalmaq şansının hələ də böyük olduğunu bildirib. «Pro» kateqoriyalı çalışdırıcı yerli azarkeşləri səbrli olmağa dəvət edib:
«Özünüz də görürsüz ki, yavaş-yavaş heyəti dəyişirik. Çalışırıq ki, komandanı gücləndirək.
Son 2-2 həftədə bir neçə futbolçu gətirmişik. Mən demək istəmirəm ki, Adil Şükürov səhv transferlər edib.
Hər məşqçinin öz baxışı var, fikirlər üst-üstə düşməyə bilər. Buraya gəlmişəmsə, öz baxışlarıma uyğun komanda qurmalıyam.
Yeni gələnlərin hamısı hələ hazır deyil. Onlar tədricən forma yığacaq.
«Kəpəz» Gəncədə oynamır və bunun da nəticələrimizə mənfi təsiri çoxdur. Gəncədə oynamaq başqadır, minlərlə azarkeşin önündə daha inamlı çıxış edirsən.
«Kəpəz» həmişə evdə yaxşı oynayıb. Hazırda ora dönmək imkanımız olmasa da, bilirəm ki, azsarkeşlər bizdən nə gözləyir.
«Kəpəz»in həqiqi azarkeşləri narahatdır. Mən buradan onlara səslənmək istəyirəm - bir az səbrli olun.
Mövsüm yeni başlayıb və hələ irəlidə çoxlu oyun var. Hazır komandanı təhvml almamışam.
Komandanın psixoloji və fiziki hazırlığı barədə nəsə demək istəmirəm, hər şey göz qabağındadır. Mövcud problemləri tədricən aradan qaldırmaq mümkündür.
Geridə qalan müddətdə çalışmışıq ki, fiziki hazırlığı nisbətən qaldıraq. Gündə iki məşq edirik, ancaq görürəm ki, lazımı səviyyəyə çatmaq üçün bizə hələ vaxt lazımdır.
Psixoloji hazırlıq da bir qələbədən asılıdır. İlk qələbəni qazanandan sonra futbolçularda özünəinam yaranmağa başlayacaq.
Bütün bu proseslər bir-birindən asılıdır. Gəncəli azarkeşlərin istədiyi «Kəpəz»i meydanda görmək üçün gecə-gündüz çalışırıq.
Nə səhər bilirik, nə axşam. Qoy, bunu hamı bilsin.
Açığı, bura gələndə artıq bilirdim ki, bizi hansı çətinliklər gözləyir. Mən bundan qorxmamışam və indi də qorxmuram.
Yolumuza əzmlə davam edəcəyik. Məqsədimizə çatmaqdan ötrü əlimizdən gələni edəcəyimizə heç kimin şübhəsi olmasın».