
“Barselona”nın vitse-prezidenti Rafa Yuste “Real”ın hücumçusu Kilian Mbappenin diskvalifikasiyası ilə bağlı fikirlərini bölüşüb.
İspaniya çempionatında “Alaves”ə qarşı keçirilən son oyunda (1:0) Mbappe top uğrunda mübarizə zamanı Antonio Blankoya qarşı kobud oynayıb.
Daha sonra fransalı hücumçu hərəkətinə görə üzr istəyib və zərərçəkmiş futbolçu üzrü qəbul edib.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Barselona” rəsmisi bu hadisə ilə bağlı belə deyib:
“Həmin zərbə və verilən cəzanın miqyası tamamilə məntiqsizdir. Hərəkət çox təhlükəli idi və rəqib futbolçunun ciddi zədə almasına səbəb ola bilərdi. Bu, utancverici bir haldır”.
Əvvəlcə Mbappenin üç oyunluq cəzalandırılacağı gözlənilirdi və bu matçlardan biri “Barselona”ya qarşı olmalı idi. Ancaq qərara əsasən, o yalnız növbəti turda iştirak etməyəcək.