“Barselona”nın və İspaniya millisinin yarımmüdafiəçisi Pedri keçmiş baş məşqçi Xavinin cəza yöntəmi haqqında danışıb və onu komandanın yeni çalışdırıcısı Hans-Diter Flikin sistemi ilə müqayisə edib.
Sportinfo.az “sport.es”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu Flikin özünəməxsus daha sərt sisteminin olduğunu bildirib:
“Hansısa bir futbolçu gecikirdisə, gecikdiyi ilk dəqiqəyə görə min avro ödəməli idi. Bu, ilk dəqiqədən başlayaraq hər əlavə dəqiqədə ikiqat artırdı.
Bu sistem artıq mövcud deyil. Flikin özünəməxsus sistemi var, daha da sərtdir: oyunçu gecikirsə, növbəti matça çıxmayacaq və ya ümumiyyətlə, hazırlıqda iştirak etməyəcək”.
“Barselona” alman mütəxəssisin rəhbərliyi altında bütün yarışlarda mövsümün ilk 16 matçında qol sayına görə klub rekordunu yeniləyib.
Komandanın aktivində hazırda 55 qol var ki, bu da kataloniyalıların tarixində ən yaxşı nəticədir.