Toni Kroosun gedişi təkcə “Real” azarkeşlərinin ürəyində deyil, həm də komandanın mərkəz xəttində böyük boşluq yaradıb.
La Liqanın ilk turlarında “kral klubu” çoxdan gözlənilən Kilian Mbappenin gəlişinə baxmayaraq, qeyri-müəyyən görünür,
“Malyorka” və “Las Palmas” ilə səfər matçlarında iki dəfə heç-heçə edib.
Sportinfo.az “Sport.es”-ə istinadən xəbər verir ki, çoxu bunun səbəbini məhz Kroosun gedişində və meydanın mərkəzində keyfiyyətli oyunçuların olmamasında görür.
Buna görə də rəhbərlik gələn yay üçün transfer hədəfləri arasında PSJ-nin yarımmüdafiəçisi Fabian Ruisi nəzərdən keçirir.
“Real” rəhbərliyi Ruisin AÇ-2024-də İspaniya millisinin heyətində parlaq çıxışına heyran olub.
Bundan əlavə, ispaniyalı futbolçu daha əvvəl komandanın hazırkı baş məşqçisi Karlo Ançelottinin rəhbərliyi altında “Napoli”də çıxış edib.
28 yaşlı yarımmüdafiəçinin PSJ ilə 3 illik müqaviləsi var, lakin parislilər onun gedişinin əleyhinə deyil.