
“Mançester Yunayted” “Vulverhempton”un hücumçusu Mateus Kunyanın transferində yeganə iddiaçı deyil.
25 yaşlı futbolçu “qırmızı şeytanlar”la danışıqlar aparır və yayılan məlumatlara əsasən, bu komandada oynamaq variantını ciddi şəkildə nəzərdən keçirir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqanın digər klubları – “Nyukasl” və “Nottingem Forest” də braziliyalı forvardın xidmətində maraqlıdır.
Hər iki komanda hazırda İngiltərə çempionatının turnir cədvəlində ilk beşlikdə qərarlaşıb və böyük ehtimalla, gələn mövsüm Çempionlar Liqasında iştirak edəcək.
“Mançester Yunayted” isə yalnız UEFA Avropa Liqasının qalibi olacağı təqdirdə, qitənin ən nüfuzlu klub turnirinə vəsiqə qazana bilər.
“Qırmızı şeytanlar”ın rəhbərliyi rəqiblərinin Kunyaya olan marağından xəbərdardır və bu səbəbdən, transferi mümkün qədər tez başa çatdırmağa çalışır.