
“Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulz Rasmus Hoylundun yeni Alan Şirer olacağını düşünürmüş.
“Mançester Yunayted” dünən 1/4 finalda “Lion”u (2:2, 5:4) məğlub edərək, UEFA Avropa Liqasının yarımfinalına yüksəlib. Hoylund bu matçlarda fərqlənə bilməyib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın keçmiş yarımmüdafiəçisi Hoylundun özünə inamının və bir az da bəxtinin olmadığını bildirib:
“Uzun müddətdir ki, bu haqda danışırıq. Onun özünə inamı və bir az da bəxti yoxdur, mövqe seçimində isə həddən artıq çox səhvlərə yol verir.
Neçə dəfədir ki, meydanın özlərinə aid hissəsində, müdafiədə, ya da yaxşı mövqelərdə kömək etməyə çalışır, amma ötürmə ala bilmir.
Onun ilk gəldiyi vaxtı xatırlayıram. Fikirləşdim ki, indi bizdə yeni Alan Şirer var. Onu Şirerlə müqayisə etmək böyük fikirdir.
Amma mən düşünürdüm ki, o, güclü mərkəz hücumçusudur, fiziki cəhətdən güclü idi, müdafiəçilərin arxasınca qaça bilirdi, cinahlardan ötürmələrdə qapanmağı xoşlayırdı. Amma heç bir nəticə olmur.
Bu oğlan nə gözlədiyini bilmir, çünki “Mançester Yunayted”in oyununda ritm yoxdur. Onun futbol tərzinə uyğun gələn heç nə yoxdur”.
Hoylund dekabrın ortalarından bəri “Mançester Yunayted”in heyətində cəmi bir qol vurub.