“Mançester Yunayted”in yeni baş məşqçisi məlum olub.
Sportinfo.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.
Onun sözlərinə görə, “qırmızı-şeytanlar”a hazırda Portuqaliyada “Sportinq”in (Lissabon) sükanı arxasında olan Ruben Amorim başçılıq edəcək. Klublar təzminat məbləği ilə bağlı danışıqları davam etdirirlər.
Amorim Avropa nəhənglərinin hədəfində olan mütəxəssisdir.
Onun namizədliyi “Barselona” (Xavi gedəndən sonra) və “Liverpul” (Klopp komandanı tərk etməmişdən əvvəl) tərəfindən ciddi şəkildə nəzərdən keçirilib, eləcə də “Çelsi” onun təyinatı ilə bağlı danışıqlar aparıb.
Bundan əlavə, bildirilir ki, “Mançester Siti” gələn il Amorimi Pep Qvardiolanın varisi olaraq düşünürdü.
39 yaşlı Amorim 2020-ci ilin martından “Sportinq”də işləyir. O, komandası ilə 2 dəfə Portuqaliya çempionluğunu, 2 dəfə ölkə kuboku və 1 dəfə ölkə Superkubokunu qazanıb.
“Mançester Yunayted” ötən gün niderlandlı mütəxəssis Erik ten Haqla yollarını ayırıb. Komanda müvəqqəti olaraq Ruud Van Nistelroya tapşırılıb.