COP29

Çempion basketbolçu cəbhədədir - Möhkəm dayan!

8 Dekabr 2020 20:00 Hokkey 1 013
Çempion basketbolçu cəbhədədir - Möhkəm dayan!

Məmməd Arazın “Vətən mənə “oğul” desə, nə dərdim, mamır olub, qayasında bitərdim” misraları, yəqin, çoxlarına tanışdır.

İkinci Qarabağ müharibəsi dövründə minlərlə mərd oğlumuz vətənin-analarının çağırışına hay verdilər.

Hərbi əməliyyatlar bəzilərinin xidməti dövrünə təsadüf etsə də, cəbhəyə könüllü gedənlər də az deyildi. Belə gənclərimizdən biri də, az qala, iki aya yaxındır ön xəttdə olan Kənan Əliyevdir.

Sportinfo.az xəbər verir ki, o, 1993-cü ildə Bakıda anadan olub. 1998-ci ildə orta məktəb həyatına başlayıb.

2009-cu ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbəlik çağlarına qədəm qoyub. Həm də idmançı olan Kənan 2013-2014-cü illərdə həqiqi hərbi xidmət keçib.

Adətən, basketbol meydançalarında əlindəki topu çiləyə-çiləyə, lazımi manevrləri məharətlə yerinə yetirib, qarşı tərəfin idmançılarını aldadaraq rəqib qapısına yaxınlaşan, bir anın içində tullanaraq topu səbətə atan gənc indi cəbhədədir və digər döyüş yoldaşları kimi evinə qayıtmaq, əzizlərinə qovuşmaq üçün gün sayır. Mahnıda deyildiyi kimi, igid əsgər, möhkəm dayan!

Hərbçimiz haqqında oxucularımıza daha ətraflı məlumat vermək məqsədilə onun yaxınları ilə söhbətləşdik. Kənanın anası, BDU-nun Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva bunları dedi:

“Altı il əvvəl N saylı hərbi hissədə xidmətdə olub. Kəşfiyyat bölüyünün manqa komandiri idi. İntizamlı xidmətinə görə dəfələrlə təşəkkürnaməyə, fəxri fərmana layiq görülüb. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin sentyabrın 28-də imzaladığı qismən səfərbərlik haqqında Sərəncamından bir gün sonra oğlumu Goranboya apardılar. Ötən müharibə ərzində ağır döyüşlər gedən bütün rayonlarda, o cümlədən Cəbrayılda, Füzulidə, Qubadlıda, Zəngilanda olub. Hazırda Zəngilandadır”.

Sevinc xanım, həmçinin göstərilən diqqət və qayğıya görə müvafiq qurumlara minnətdarlığını bildirib:

“Sağ olsunlar, Təhsil Nazirliyindən bizimlə tez-tez əlaqə saxlayır, Kənanla maraqlanırlar. Hətta evimizə gəlib dəstək də olmuşdular. Cənab nazirə xüsusi təşəkkür edirəm. Kənanın baş məşqçi kimi çalışdığı məktəbin rəhbərliyi də bizi diqqqətdə saxladı. Oğlum respublika üzrə cəbhədə olan yeganə basketbolçudur. Allah bütün gəncləri qorusun. Belə məqamlarla hamı bir, həmrəy olmalıdır”.

Deyirlər, igid oğul dayısına oxşayar. Deyəsən, doğrudan da, belədir. Çünki Kənanın dayısı Baba Əsgərov də idmançıdır. O, bizimlə söhbətində bacısı oğlunun idmana həvəsini xüsusi vurulayıb:

“Kənanın uşaqlığı mənim tələbəlik vaxtıma düşüb. Hərdən özümlə birlikdə təhsil aldığım Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasına aparırdım. Demək olar, qucağımda böyüyüb. İdmançı dostlarımla müzakirələrimdə iştirak edirdi, bizə qulaq asırdı.

Görünür, o vaxtdan idmana maraq yaranıb. Bilirsiz, döyüşdə fərqlənənənlərin əksəriyyətinin idmançı olması təsadüfi deyil.

Çünki onlar bayrağın, himnin xiffətini çəkməyə vərdiş edir, bunu həyat tərzinə çevirirlər. Əlbəttə, Kənanın belə igid oğul kimi böyüməsində idmanın müstəsna təsiri var. Onunla qürur duyuram. Fürsətdən istifadə edib şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm”.

Kənanın məşqçisi, Respublika Basketbol Federasiyasının məşqçilər şurasının sədri Şəhriyar Əsgərovun sözlərinə görə isə, yetirməsi həmişə fərqlənib:

“Kənanı uşaqlıqdan tanıyıram. İlk dəfə bir orta məktəbdə keçirilən oyunda onu izləmişdim. Boyunun qısa olmasına rəğmən, həvəsi və fiziki göstəriciləri diqqətimi cəlb etmişdi. Həm də gülərüz, nikbin idi.

Odur ki, sonradan respublika birinciliklərində mənim komandamda- “Zirvə-Astara”da oynamağa dəvət etdim. Aramızdakı yaş fərqinə baxmayaraq, dostlaşdıq. Bir müddət Yüksək Liqada mübarizə apardı. Ali təhsil alandan sonra isə məşqçi kimi fəaliyyətə başladı”.

Ş.Əsgərov keçmiş tələbəsi və hazırkı həmkarının gələcəyinə inandığını da deyib:

“Kənan həm də uğurlu məşqçidir. Komandası, idmançıları həmişə fərqlənir. Xüsusi azarkeş qrupu var. O, həmçinin respublika səviyyəli yarışların, o cümlədən “Top səndə” turninin təşkilatçılığında da fəallıq göstərib. Belə bir adam üçün Ali Baş Komandanın çağırışına cavab verməmək mümkünsüz idi. Kənan müharibə başlamazdan əvvəl könüllü olaraq cəbhəyə yazılmışdı və vaxtı çatanda çağırıldı.

Kənan dostlarına, tələbələrinə örnəkdir. Fikrimcə, azad olunmuş torpaqlarımızda idmanın təbliğində, kütləviləşməsində və yeni çempionlarımızın yetişməsində onun kimi məşqçilərimizə çox ehtiyac olacaq.

Çünki Kənan bütün parametrlərdə-həm vətənpərvərlikdə, həm nizam-intizamda, həm də peşəkarlıqda nümunəvidir” (sherg.az).

Kənan Novruzov

Xəbər Lenti