COP29

Türkiyə futbolu, “Fənər”, Ali Koç və “Qarabağ”...

18 Avqust 22:05 Hadisə 2 571
Türkiyə futbolu, “Fənər”, Ali Koç və  “Qarabağ”...

Türkiyə çempionatda klub prezidenti meydana girib hakimi yumruqla vurub yıxa, sonra təpikləyə də bilər, klub prezidentinin özünə isə butulka ata, onu da yerə yıxa bilərlər- bunun adı nədirsə, nə idmandır, nə futbol...

Mövzuya bir az uzaqdan başlayaq.

“Derbi” termini futbol azarkeşləri arasında tez-tez istifadə olunur. Əvvəllər, bu söz eyni şəhərin klubları arasında matçın əhəmiyyətini təsvir etmək üçün istifadə olunurdu, lakin indi daha geniş məna kəsb edir. Məsələn, Rusiyada Sankt-Peterburqun “Zenit” və Moskvanın “Spartak” komandalarının oyunlarını “iki paytaxtın derbisi” adlandırırlar. İtaliyada “Milan”-“İnter”, İspaniyada “Real”-“Barselona” Niderlandda “Ayaks”-“Feyenoord”, Yunanıstanda “Olimpiakos”- “Panatinakos”, Serbiyada “Servena zvezda” –“Partizan” qarşılaşması nədirsə, Argentinada “Boka Xuniors”-“River Pleyt” , Braziliyada “Korintians”- “Palmeyras”da eyni anlamdadır...

Futbolu həyəcanlı edən azarkeşlərdir, amma burda da “əl dəyişib”. Əvvəl ən çılğın fanatlar ingilislər hesab olunurdu, amma bir neçə onilliklərdir bu “xəstəlik” Balkanlara-daha konkret Serbiyaya keçib. Hamı bilir ki, bu ölkədə azarkeşləri üçün qarşıdurma yaratmaq üçün qol vurmağa və ya qolsuz bərabərliyə ehtiyac yoxdur. Stadionda mütləq yumruqlar, dəyənəklər işə düşəcək, qan töküləcək. Yunanıstan klubunu azarkeşlər də bir başqa bəladırlar...

Türkiyəni özüm ona görə sona saxlayıram ki, qardaş ölkənin futbolu haqda xüsusi yazmaq zərurəti var. Türkiyədə 2024-2025 sezonu iki turdur başlayıb, amma artıq xoşagəlməz hadisələr, qalmaqal yaranıb.

Dostlar bilir, Türkiyə futbolu ilə həm də o səbəbdən maraqlanmıram ki, bu çempionatda mənasız gərginliklər çoxdur, həddən artıq siyasiləşib. Türkiyədə futbola maraq çoxdur, bu, bəlli həqiqətdir. Amma gəlin razılaşaq ki, bu maraq ölkə futbolunun inkişafına səbəb olmur. Klublar Avropa turnirlərində uzun illərdir ki, heç bir uğur qazana bilmir. “Qalatasaray” ın 2000-ci ildə əldə etdiyi uğuru təkrar etmək mümkün olmur. Türkiyə futbolu Avropanın ən yaxşı 10 liqasında da sabit yerini itirib. Bunun əsas səbəblərindən birini milli çempionatlardakı daxili qarşıdurmalarda axtarmaq lazımdır.

Bu çempionatda klub prezidenti meydana girib hakimi yumruqla vurub yıxa, sonra təpikləyə də bilər, klub prezidentinin özünə isə butulka ata, onu da yerə yıxa bilərlər. Bunun adı nədirsə, nə idmandır, nə futbol...

Hakimin(Xəlil Umut Meler) döyülməsindən sonra Türkiyə Futbol Federasiyası ölkədəki bütün liqalarda oyunları bir həftə müddətinə dayandırdı. Amma turnir bərpa edildikdən sonra da qalmaqalsız ötüşmədi. Məsələn, “İstanbulspor”un prezidenti “Trabzonspor”la oyunda mübahisəli qola görə oyunçuları meydandan yarımçıq çıxardı...

Dünən “Göztəpə”- “Fənərbaxça” oyununda yaşananlar Türkiyə futbolunda ciddi problemlərin davam etdiyinə daha bir sübutdur. Məlumata görə, oyunun ikinci hissəsində “Fənərbaxça”nın bir qrup azarkeşi tribunaya buraxılmayıb. Klub prezidenti Ali Koç isə buna etiraz edib, azarkeşlərə dəstək üçün həmin tribunaya yaxınlaşıb. Bu zaman “Göztəpə” azarkeşləri ona su butulkaları atıblar. Klub rəhbəri mühafizəçilərin nəzarəti ilə hadisə yerindən uzaqlaşmaq istəyərkən rəqib komandanın azarkeşlərindən biri onu itələyib və Ali Koç yerə yıxılıb. Videoya baxın, hər şeyi özünüz görəcəksiniz... Bu qalmaqalda meydan sahiblərinin, yoxsa rəqib komanda azarkeşlərinin suçlu olması ikinci dərəcəli məsələdir, əsas meydanda görünən bu üzücü mənzərədir.

Avropa liqalarının istənilən oyunlarında klub prezidentləri də iştirak edirlər, onlar da sevinirlər, kədərlənirlər, ayağa qalxırlar, hakimə etiraz da edə bilərlər. Amma siz Allah, bir klub prezidentinin meydanda nə işi var? Əlbəttə, azarkeşlərinin hüquqları müdafiə edilməlidir, amma belə yox... Ali Koçun bundan əvvəlki sezonda hakim ədalətsizliklərinə etiraz olaraq çıxışlarına qulaq verdim, adam sanki bir ölkənin sərhədlərinə düşmən hücumu olubmuş kimi danışırdı, elə həyəcan, elə ifadələr seçib deyirdi ki, adam heyrət edirdi, bu nədir, futbol, yoxsa müharibə? Bu təkcə “Fənər”ə və Ali Koça aid deyil həm də. Mən hələ kənar müşahidələrimi deyirəm, əminəm ki, çempionatı daha yaxından izləyənlərin bu mövzuda “təəssüratı”ı daha “zəngindir”.

Bu cür gərginlikər isə birbaşa azarkeşə təsir edir. Uzağa getməyək, arada elə öz ölkəmizdə “Fənər”lə “Qalatasaray” azarkeşləri arasında mübahisələrə şahid olanda Türkiyədə vəziyyətin necə olduğunu təsəvvür etmək çətin deyil.

Türkiyənin üç əsas və ən titullu komandası İstanbulda yerləşir. Təəssüf ki, onların azarkeşləri bir-birlərinə o qədər nifrət edirlər ki, derbi günlərində stadionun ətrafında gülləkeçirməz jiletli silahlı polislər dayanır. Futbolçular və məşqçilər üçün bu matçlar artan gərginlik şəraitində keçirilir. “Qitə derbisi” adlandırılan “Qalatasaray” və “Fənərbaxça” görüşlərinin xüsusi statusu var. Çünki “Qalatasaray” İstanbulun Avropa hissəsində, “Fənərbaxça” isə Asiya sahilində yerləşir. Yüz ildən artıqdır ki, hər iki klubun azarkeşləri bir-birlərinə çox ziyanlar vurublar. Bir fakt oxumuşdum, bilmirəm nə qədər gerçəkdir, 1950-ci illərdə “Fənərbaxça” azarkeşləri “Qalatasaray”ın azarkeş qrupunun liderlərindən birinin həyat yoldaşını qaçırıblarmış. Qadın iki aya yaxın girov qalıb, qaytarılanda əri bu rüsvayçılığa dözə bilməyib və onu öldürüb. Nə vaxtsa “Fənərbaxça” azarkeşini verdiyi açıqlamalarına görə rəqib azarkeşləri onun qulaqlarını kəsdiyi də deyilir...

Dünən Almaniyada “Qarabağ” sayəsində yaxşı tanıdığımız “Bayer”lə “Ştuttqart” arasında superkubok oyunu da vardı. Oyunda qırmız kart da oldu, gərginliklər də, məşqçi etirazları da, penallaşma da. Amma şəxsən mən oyundan xüsusi zövq aldım.

“Fənər” ötən həftə Çempionlar Liqasında “Lill”ə uduzub mübarizəni dayandıranda türkiyəli şərhçilər “Qarabağ”ı onlara nümunə göstəriblər. Zənnimcə, bu təkcə oyuna görə deyil, bizim sevimli klubdakı intizamı, elə klubun prezidenti Tahir Gözəli də nümunə göstərmək yaxşı olardı...

Nazim SABİROĞLU

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…