COP29

Lənət olsun!

28 Dekabr 18:00 Hadisə 1 011
Lənət olsun!

Normativlə işləyirik.

Bu gün üçün sonuncu yazım olmalıdır və mən futboldan yazmalıyam. Müsahibə, açıqlama, təhlil, köşə, özəl xəbər...

Amma bu dəqiqə futbol kimin nəyinə lazımdır? Dünyaya səs salan elə bir faciə baş verib ki, indiki halda Messinin “Qarabağ”la anlaşması xəbəri (nümunə üçün) də heç kimin vecinə deyil.

Dekabrın 25-də içində günahsız 62 sərnişinin və 5 ekipaj üzvünün yer aldığı AZAL-a məxsus, Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb – 38 ölü, 29 yaralı.

Hadisənin hansı səbəbdən baş verməsi və Qroznıya yaxın şəhərlərə enişinə icazə verilməyərək Xəzər dənizinin üzərindən Aktauya göndərilməsi, qəzadan sonra gövdənin üzərində aşkarlanan qəlpə dəlikləri bütün suallara aydınlıq gətirir.

Sadəcə, hazırda istintaq gedir deyə, qəti fikir bildirmək mümkün deyil.

Sərnişinləri hər şeyin yaxşı olacağına inandırmağa çalışan bələdçi Hökümə xanım, gələcəkdə futbolçu olmağı arzu edən Məhəmməd, qəzadan öncə təyyarədə çəkiliş edərək yekunda sağ qalan adını bilmədiyim əcnəbi sərnişini illər keçsə də, unutmayacağıq.

Biri iş üçün Rusiyaya gedirdi, digəri yaxınlarını görmək diləyi ilə. Bir başqası istirahətdən qayıdırdı. Və heç birinin ağlına gəlməzdi ki, Qroznıya enmək əvəzinə, meyitləri Aktau şəhərinin Xəzər sahillərindən tapılacaq.

Qəhrəmanlıq salnaməsi yazaraq təyyarənin dənizə çırpılmasının qarşısını alıb, heç bir xəritə olmadan təcrübələri hesabına hava gəmisini min bir əziyyətlə Aktauya qədər çatdıraraq özlərinin ölümü bahasına olsa belə, 30-a yaxın insanı ölümdən xilas edən pilotlar isə şəhidliyin ən uca zirvəsinə yüksəldi.

Allahdan ölənlərə rəhmət, yaralılara şəfa diləyib, faciəyə səbəbkar olanlara “lənət olsun” deyirəm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
28 Dekabr 18:00 Lənət olsun!
28 Dekabr 16:30 Çək və bizə göndər!