Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında həlak olan AZAL-ın pilotu İqor Kşnyakin Azərbaycan millisinin üzvlərinin valideynidir.
Sportinfo.az xəbər verir ki, mərhum pilot Azərbaycan Gimnastika Federasiyasının üzvləri, tanınmış gimnastlar Anastasiya və Darya Kşnyakinanın atasıdır.
Dekabrın 25-də "Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Qəza nəticəsində ümumilikdə 38 nəfər, o cümlədən 26 Azərbaycan vətəndaşı həlak olub, 17 nəfər isə yaralanıb.
Həlak olanlardan 4-nün şəxsiyyəti müəyyən edilərək Azərbaycan gətirilib, yaralılardan isə səhhəti qənaətbəxş olan 14 nəfər vətənə gətirilib.
Kşnyakinin qızı atasına həsr etdiyi emosional mesajı ilə hər kəsi kövrəldib. O, atasını “qəhrəman” adlandıraraq, onun onlarla insanın həyatını xilas etmək üçün öz həyatını qurban verdiyini yazıb.
Mesajda deyilir:
“Ata, sən mənim qəhrəmanımsan, həmişə ürəyimdə qalacaqsan. Onlarla insanın həyatını xilas etmək üçün əlindən gələni etdin, öz həyatını qurban verdin. Sən mənim üçün çox güclüsən. Həmişə fəxr edəcəm ki, mənim belə bir atam olub. Çox şən idin, həmişə bizim üçün hər şeyi edirdin, xoşbəxt olmağımızı istəyirdin. ATALARIN ƏN YAXŞISI! Məkanın cənnətdir, inşallah. Allah rəhmət eləsin”.
İqor Kşnyakin hadisə zamanı təyyarənin təhlükəsizliyini təmin etmək üçün qəhrəmanlıq göstərərək, öz həyatını riskə atıb. Bu duyğusal mesaj faciənin dəhşətini və həlak olan ekipaj üzvlərinin ailələrinin çəkdiyi ağrını bir daha gözlər önünə sərir.
Azərbaycan ictimaiyyəti, faciə nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verir. İqor Kşnyakin və digər həlak olan qəhrəmanların xatirəsi həmişə yaşayacaq.