Tikintisi yarımçıq dayandırılan bu stadionda indi itlər “futbol” oynayır - HƏMİN VİDEO

7 Aprel 20:20 Hadisə 733
Tikintisi yarımçıq dayandırılan bu stadionda indi itlər “futbol” oynayır - HƏMİN VİDEO

Şövkət Orduxanov adına Qusar şəhər stadionunda tikinti posesinin bərpa olunmasına dair son günlər sosial şəbəkələrdə yeni xəbərlər yayılıb.

Bildirilib ki, arenaya böyük sayda işçi personalı və texnika cəlb edilib.

İddia edilir ki, futbol qurğusu yayın sonunadək tam təhvil veriləcək.

Sportinfo.az-ın əməkdaşı söz-söhbətlərin doğru olub-olmamasını dəqiqləşdirmək üçün növbəti dəfə stadiona baş çəkib.

Nümayəndəmizin gördükləri yayılan xəbərlərin həqiqəti qətiyyən əks etdirmədiyini üzə çıxarıb. Necə deyərlər, köhnə hamam, köhnə tas. Aradan keçən müddətdə burada daş üstünə daş qoyulmayıb.

Təmsilçimiz sözügedən məkanda yalnız küçə itlərini görüb. Üç-dörd it stadionun düz ortasında özləri üçün «oyun» oynayıb və əməkdaşımız gerçək vəziyyətin sübutu üçün həmin anları lentəə alıb.

9 il öncə söküntüsü aparılan idman qurğusunda xeyli müddətdir yenidənqurulma işləri aparılmır.

Ərazi tamamilə baxımsız vəziyyətə düşüb. Daha inşaatçılar yolunu buradan salmır.

Nəticədə tribunanın şəhərin mərkəzi küçəsinə baxan tərəfi zibillxanaya çevrilib. Kimin əlinə nə keçirsə, onu gətirib həmin yerə atır.

Yaxınlıqda yaşayan sakinlərin dediyinə görə, gecə saatlarında stadionun ərazisinə tərəf getmək təhlükəlidir. Çünki narkotik və içki düşkünləri məkanı xəlvət görərək, orada toplaşır.

Bəzən isə «məclis iştirakçıları» arasında mübahisə düşür, səs-küy ətrafa yayılır.

Onlar narahatdırlar ki, vəziyyət belə davam edərsə, arenanın daş-kəsəyi də oğurlanaraq satılacaq. Çünki artıq Qusarda heç kim stadionun təmirinin başa çatdırılacağına inanmır.

«Şövkət Orduxanov» illər əvvəl böyük masştablı təmir adıyla sökülüb. Nə varıydısa, hamısı yerlə bir edilib.

Yalnız 2023-cü ilin əvvəlində Etibar Pirverdiyevin - «Azərenerji»ASC-nin sabiq prezidentinin yadına düşüb ki, rayonun mərkəzi hissəsində belə bir yer var və orada bütün işlər yarımçıq qalıb.

Vəzifədən uzaqlaşdırılandan sonra vaxtının çoxunu dəvə fermasına ayırdığı söylənilən Pirverdiyev, necə olubsa, yenidən stadionun mövcudluğunu xatırlayıb.

Böyük ehtmalla, buranı ona deyiblər. Deyiblər ki, şirkətinə məxsus arenanı söküb yerə qoymusan, indi də zəhmət çək, bərpa elə.

O da işə təzədən başlayıb, amma proses uzun sürməyib. 2024-cü ilin əvvəlində, Rövnəq Abdullayevin AFFA prezidenti postundan gedəcəyi məlum olan ərəfədə işlər növbəti dəfə dayanıb.

Güman ki, bu iki hadisənin bir-biriylə əlaqəsi var. Çünki Abdullayevin də əvvəlcə «Şövkət Orduxanov»un tikintisinə maddi cəhətdən köməklik göstərdiyi, sonra isə yardımı dayandırmasına dair Qusarda xəbərlər dolaşır.

2016-cı ildə «başını yerə qoyan» «Şahdağ» bir də 2023-cü ilin sentyabrında «dirilib». Komanda hazırda II Liqanın lideridir və I Liqaya vəsiqə qazanmağa ən real namizəd sayılır.

Elnur Abdullayevin çalışdırdığı kollektiv ev oyunlarını Şamaxı Olimpiya Kompleksində keçirir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
7 Aprel 08:20 “Uduzmaq istəmirdik"