COP29

Darmadağının intiqamını alan qolkiper...

4 İyul 02:00 Hadisə 1 366
Darmadağının intiqamını alan qolkiper...

Avropa çempionatının 1/8 final mərhələsində Türkiyə Avstriyaya 2:1 hesabı ilə qalib gələrək 1/4 mərhələsinə vəsiqə qazandı.

Türkiyə millisinin qolkiperi Mert Günokun son dəqiqələrdə fantastik qurtarışı yığmanın mərhələ adlamasında başlıca rol oynadı.

İndi bütün idman dünyası sadəcə Mertin möhtəşəm performansından yazaraq onu əfsanəvi qapıçılara oxşadır.

“xG” sisteminə əsasən, Günokun qapısına vurulan zərbənin qol olma ehtimalı hesablanıb.

Belə ki, Mertin epizodunda avstriyalı futbolçunun vurduğu zərbənin xG ehtimalı 94 faiz (qol olma ehtimalı) olub. Qapıçının onu dəfetmə ehtimalı isə 0,06 faiz. Mert Günok isə həmin 0,06 faizdən istifadə edib.

M.Günok hazırda “Beşiktaş”da çıxış edir. 35 yaşlı futbolçunun bu performansı əslində elə onun çıxış etdiyi klubun azarkeşlərinə heç də yad deyil. Ötən il uğursuz mövsüm keçirən “Beşiktaş”ın böyük şansı Mert Günok kimi qolkiperin olması idi.

Mert Günok karyerasına “Kocaelispor”da başlayıb. Daha sonra 2001-2015-ci illərdə isə “Fənərbaxça”da oynayıb.

“Fənərbaxça”dan sonra Türkiyə Superliqasının bir çox klublarında çıxış edən qapıçı 2021-ci ildən Türkiyənin 4 böyük klubundan biri “Beşiktaş”a transfer olub. Elə həmin il də Superkuboku qazanıb.

Günok 2004-cü ildən U-16 səviyyəsindən başlayaraq bu günə qədər Türkiyə millisində çıxış edib.

O, Türkiyə millisi ilə ilk oyununu 2012-ci ildə keçirib. 2020-ci il Avropa Çempionatının seçmə mərhələsində komandada əsas qapıçı olub. Türkiyə yığması həmin vaxt Şenol Günəşin başçılığı altında final mərhələsinə vəsiqə qazanıb və rekord xal toplayıb.

Mertin karyerasına nəzər salanda görürük ki, o, millidə 12 il ərzində cəmi 32 oyuna çıxıb. Qolkiper zamanında həm klubda, həm millidə Volkan Demirelin və digər qapıçıların kölgəsində qalıb. Buna baxmayaraq, inadından dönməyib və millinin əsas oyunçusuna çevrilə bilib.

Dünən oyun başlamamışdan öncə sosial şəbəkədə türkiyəli bloqerlərdən biri Leytspiqdə avstriyalı azarkeşlər arasında sorğu götürür. Onlardan Türkiyə millisinin heyətində ən təhlükəli oyunçunun kim olduğunu soruşur.

Azarkeşlərin bir çoxu Türkiyə yığmasında qorxulacaq futbolçunun olmadığını, bir neçəsi isə Arda Gülərin adını çəkir. Bu zidd fikrin üstündən heç 24 saat keçmir. Nəinki Avstriyalılar, elə bütün dünya mediası Mertin istifadə etdiyi 0,06 faizlik seyvindən danışır.

Elə Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Merti əfsanəvi qapıçı Qordon Benksə bənzədib. Bundan əlavə tanınmış idman ekspertləri də Mertin heyrətamiz seyvindən yazaraq onun çıxışını bir gün əvvəl Portuqaliya - Sloveniya matçında penaltilər seriyasında 3 11 metrlik zərbəni dəf edən portuqalların qapıçısı Diogo Koştanın oyunu ilə müqayisə ediblər.

İngiltərə millisinin keçmiş müdafiəçisi Metyu Upson isə deyib ki, Günokun son dəqiqədəki seyvi Avropa çempionatı tarixindəki ən yaxşı seyvlərdən biridir.

Bu matçöncəsi Türkiyə yığmasının bir müddət öncə Avstriyaya yoldaşlıq görüşündə 1:6 uduzması da gündəmə gəlmişdi.

Türklərin intiqam üçün də meydana çıxacağı deyilirdi. Belə demək olarsa, Günokun möcüzəvi qurtarışı həm də Türkiyənin darmadağın olduğu həmin oyunun intiqamı idi (qafqazinfo)...

Fidan Etibar

Digər Xəbərlər
Xəbər Lenti
6 İyul 01:50 Fransa yarımfinalda