
AFFA U-15 Liqasında baş tutan “Metak”la matçda futbolçuları və rəsmiləri tərəfindən qaydaların pozulmasına görə “Şamaxı”nı ağır cəzalandırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Aprelin 22-də keçirilən görüşdə “Şamaxı”nın adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçisi Vüqar Süleymanov meydana çıxaraq rəqibin bir neçə azyaşlı futbolçusunu yumruqla vurduğuna görə AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaraq 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilib.
Həmçinin klub müstəsna hal olaraq 500 manat cərimələnib. Bununla yanaşı, məşqçinin hərəkətinə görə komanda növbəti ev oyununu azarkeşsiz keçirməli olacaq.
“Şamaxı”nın U-15 komandasının baş məşqçisi Tərlan İsgəndərov və klub rəsmisi Amil Mənsimov isə 5 oyunluq disvalifikasiya olunublar. Hər iki şəxs 80+2-ci dəqiqədə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün cəzalandırılıb.
Həmçinin görüşün 80+2-ci dəqiqəsində təcavüzkar davranış sərgiləyən “Şamaxı”nın futbolçuları Ömər Qocalı və Hüseyn Hüseynov 4, rəqibi təhqir edən Fərid Ağasarılı isə 3 oyunluq cəzalandırılıb.
“Metak”ın futbolçuları Əli Zamanov və Vasif Həmidov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq diskvalifikasiya edilib.
Əli Şıxnəbiyev isə rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb.
AFFA Gənclər Liqasında keçirilən “Kəpəz” - “Qarabağ” oyununun 67-ci dəqiqəsində Gəncə təmsilçisinin futbolçusu Amur Yusifov və “Qarabağ”ın üzvü Həbib Qədimov rəqibi təhqir etdiklərinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldıqları üçün 3 oyunluq cəzalandırılıblar.
AFFA U-17 Liqasında baş tutan “Turan Tovuz” – “Qəbələ” oyununda meydan sahiblərinin futbolçusu İlham Beybutov 41-ci dəqiqədə rəqibi vuruduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq diskvalifikasiya edilib.