
"Ximki"nin futbolçuları arasında münaqişə yaşanıb.
Sportinfo.az xəbər verir ki, bu barədə "Sport-Ekspress" qəzeti məlumat yayıb.
İnsident Moskvaətrafı təmsilçinin Rusiya Premyer Liqasının 21-ci turunda "Axmat" ilə matçdan (1:1) sonra baş verib.
Komandanın bəzi oyunçuları paltardəyişmə otağında maaşların gecikdirilməsi ilə bağlı narazılıq ediblər.
Hücumçu və "Ximki"nin baş investoru Tufan Sadıqovun oğlu İlya Sadıqov isə klubun tərəfini tutub. O, komanda yoldaşlarına bir qədər də gözləməyin lazım olduğunu bildirib.
Amma bir neçə futbolçu Sadıqov ilə razılaşmayıb. Etirazını ən kəskin şəkildə bildirənlərdən biri Reziuan Mirzov olub. "Neftçi"nin sabiq üzvü komanda yoldaşına sərt cavab qaytarıb.
Sadıqov və Mirzov az qala əlbəyaxa həddinə çatsalar da, tərəfləri ətrafdakların köməyi ilə sakitləşdirmək mümkün olub.
Mirzov bir müddət sonra yayılan xəbərləri təkzib edib.
"Ximki"də 3 aydır futbolçulara əməkhaqqı verilmir. Rəhbərlik hələ martın 2-də keçirilən "Fakel" ilə oyundan əvvəl məsələni yoluna qoyacağına dair söz versə də, o vaxtdan vəziyyət dəyişməyib.
Klubun baş investoru Tufan Sadıqov ötən ilin dekabrında şəxsi kommersiya fəaliyyəti ilə bağlı saxlanılsa da, sonradan ev dustaqlığına buraxılmışdı.