
Xəbər verdiyimiz kimi, bir neçə gündür Ermənistan ordusu təmas xəttində atəşkəsi pozur.
Atəşkəsin pozulmasının fonunda erməni hərbçilərin təhrikedici və ya intizamsız davranışları da diqqət çəkir.
Belə ki, bir neçə gün əvvəl erməni hərbçinin ordumuza məxsus posta doğru daş ataraq təhqiramiz hərəkətlər etməsindən sonra bu dəfə onlar üzərinə söyüş yazılmış kağızı pişiyə yapışdıraraq postumuza göndəriblər.
Aydın məsələdir ki, Azərbaycan videodakı bu hərbçini asanlıqla neytrallaşdıra bilərdi, amma təmkinli reaksiya verdi.
Baş verənlərin Ermənistan ordusunda nizam-intizam məsələsi, yoxsa Azərbaycanı təxribata çəkmək cəhdi olması da hələ aydın deyil. Bununla belə Ermənistan öz əsgərlərinin nizam-intizamına diqqət etməli və bu cür təxribatçıları cəzalandırmalıdır. Əks halda, bu cəzanı Azərbaycan özü təmin edəcək.
O da məlumdur ki, erməni hərbçilərin sərhəd zonasında nizamnaməyə zidd davranması, Azərbaycan əsgərlərinə qarşı təxribat xarakterli addımları Aİ missiyasının gözləri önündə baş verir və Ermənistan tərəfi bu varlığı öz manipulyativ məqsədləri üçün istifadə edir.
Bu məqamda Ermənistan Baş naziri Nikol Paşinyanın ötən gün ölkəsinin Müdafiə Nazirliyinə Azərbaycanla atəşkəsi pozmamaqla bağlı təlimatını xatırlatmaq yerinə düşür. Necə olur ki, hökumət rəhbəri MN rəhbərliyinə tapşırıq verir, lakin əsgərləri yenə də təxribatlara əl atır. Bu isə Paşinyanın “Ermənistan müharibəyə deyil, sülhə doğru gedir”, - açıqlamasına dair sual doğurur.