
Fransa millisinin sabiq futbolçusu Vissam Ben Yedder karyerasını İranda davam etdirəcək.
34 yaşlı hücumçu “Sepahan” ilə razılaşıb. Yüksək liqa klubu onunla mövsümün sonuna kimi müqavilə imzalayıb.
“Sepahan” İran çempionatında 23 turdan sonra 46 xalla 2-ci sıradadır. Cənubi Azərbaycan təmsilçisi “Traktor” isə iki oyun az keçirib və 45 xalla 3-cüdür.
2024-cü ilin yayından klubsuz olan Ben Yedder sonuncu dəfə “Monako”da forma geyinib. Fransalı forvard Arazın o tayına yollanmazdan öncə Azərbaycana gələ bilərmiş.
Menecerlər Yedderin xidmətini Premyer Liqanın iki klubuna təklif eləyib. “Neftçi“ və “Qarabağ“ danışıqların ilkin mərhələsindən sonra onunla anlaşmağa həvəs göstərməyib.
Daha doğrusu, Fransa yığmasının sabiq üzvünün maliyyə şərtləri elita təmsilçilərinə ağır gəlib. Belə ki, Yedder 3 aylıq müqavilə qarşılığında 500 min avro istəyib.
SPORTİNFO.AZ