Futboldan ömürlük uzaqlaşdırılan Mirhüseyn Seyidovla AFFA arasında məhkəmə çəkişməsi davam edir.
AFFA-nın hüquqşünası ilə futbolçunun vəkili yanvarın 31-də Xətai Rayon Məhkəməsində növbəti dəfə üz-üzə gəliblər.
Məhkəmə nümayəndəsi tərəflərin fikirlərini dinlədikdən sonra işi baxılmamış saxlayıb.
Bu, o deməkdir ki, futbolçunun şikayət edəcəyi ünvan İdman Arbitraj Məhkəməsi (CAS) olmalıdır. CAS məsələyə baxmayacağı halda, şikayət yenidən Azərbaycan məhkəməsinə veriləcək.
Yaranmış vəziyyətə görə zərərçəkən tərəf qərardan apellyasiya şikayəti edəcək.
Məlumat üçün bildirək ki, vaxtilə “Neftçi” və “Keşlə”də top qovan, Azərbaycanın U-21 millisinin kapitan sarğısını daşıyan Mirhüseyn Seyidov 2017-ci ilin dekabrında oyun nəticələrinin manipulyasında iştiraka görə İntizam Komitəsinin qərarı ilə futboldan ömürlük uzaqlaşdırılıb.
İş 2018-ci ildə AFFA-nın müraciəti əsasında Bakı Şəhər Prokurorluğuna göndərilsə də, dövlət orqanı futbolçu barəsində başladılan cinayət işinə xitam verib.
Seyidov barəsində çıxarılan qərarın doğru olmadığını əsas gətirərək, məhkəmədən həmin qərarın ləğvini istəyir.
HƏBİB / SPORTİNFO.AZ